Olimpiada boykotu: ABŞ-a qoşulanların sayı artır

   Olimpiada boykotu:    ABŞ-a qoşulanların sayı artır
  07 Dekabr 2021    Oxunub:847
Dünən Ağ Evin sözçüsü Cen Psaki ABŞ rəsmilərinin Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcəyini bəyan edib. Onun sözlərinə görə, Bayden administrasiyası Çin Xalq Respublikasında insan haqları pozuntularını nəzərə alaraq, 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək.
AzVision.az xəbər verir ki, o, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb:

“ABŞ komandasının idmançılarını evdə yüz faiz dəstəkləyəcəyik”.

Bu gün isə boykota başqa ölkələrin qoşulacağı məlum olub. "The Washington Post" yazır ki, Avstraliya, Kanada və Avropa ölkələri də Pekin Qış Olimpiya Oyunlarına qarşı boykot qərarını dəstəkləmyi düşünür.

Nəşr öz mənbəsinə istinadla yazır ki, Britaniya bu həftə sonu keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin sammitində bu mövzunu müzakirə edəcək. Eyni zamanda qeyd olunur ki, Britaniya hökuməti hələ olimpiada ilə bağlı yekun qərarını verməyib. Mənbənin sözlərinə görə, ABŞ-ın prezident administrasiyası Avropa ölkələrinə oyunları boykot etmək üçün təzyiq göstərməyib.
Yeni Zelandiya da öz rəsmilərini Pekinə göndərməmək qırarına gəlib. Baş nazirin müavini və idman naziri Qrant Robertson bu qərarın ABŞ-ın məlum boykot addımı ilə bağlı olmadığını, ancaq koronavirus məhdudiyyətlərinə görə baş verdiyini açıqlayıb.

“RİA Novosti” yazır ki, Çinin dövlət nəşri olan “Global Times”ın baş redaktoru Hu Xijin ABŞ hakimiyyətinin oyunları diplomatik boykotla bağlı bəyanatını şərh edərkən, Amerika rəsmilərinin yarışlarda ən az gözlənilən şəxslər olduğunu bildirib.

- Onlar təkcə təkəbbürlü deyil, həm də COVID-19-un yayılması baxımından potensial təhlükəlidirlər.

Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Pengyu isə Tvitter hesabında yazıb ki, “Pekin Olimpiadasını boykot etməyə çağıran siyasətçilər bunu öz siyasi mövqeləri naminə edirlər”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Olimpiada   ABŞ   Boykot  





Xəbər lenti