Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) Elektronika, Telekommunikasiya və Proqram təminatı sənayesini (məişət elektronikası, elektron komponentlər, alətlər, telekommunikasiya avadanlıqları və xidmətləri, kompüter avadanlığı, proqram təminatı və informasiya texnologiyaları ilə əlaqəli xidmətlər daxil olmaqla) əhatə edən 2000-dən çox istehsalçı və ixracatçının Hindistanda ən ali qurumu olub, ölkə ixracatçılarına, eləcə də elektronika və kompüter avadanlığı/proqram məhsullarının idxalı üçün Hindistanı seçən idxalçılara/beynəlxalq alıcılara yardım göstərir.
Tədbirin məqsədi iştirakçıları Hindistan elektronikası və kompüter avadanlığı/proqram təminatı məhsullarının təklif etdiyi imkanlar haqqında məlumatlandırmaq olub.
Açılış nitqində Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurasının icraçı direktoru Gurmeet Singh Hindistanın elektronika və kompüter məhsulları sənayesinin gücünü vurğulayıb, ölkə hökumətinin bu sahədəki dövlət proqramları haqqında məlumat verib. O, həmçinin Azərbaycan şirkətlərini Hindistanda keçiriləcək tədbirlərdə iştiraka dəvət edib. Bildirib ki, gediş-gəliş bileti, otel və yemək də daxil olmaqla, xərclər Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası tərəfindən qarşılanacaq.
Vebinarda çıxış edən səfir B.Vanlalvavna qeyd edib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, Hindistanın elektronika və proqram təminatı məhsulları artıq Azərbaycan bazarında tanınır, çünki Hindistandan mobil telefonlar, avtomatik tənzimləmə və idarəetmə cihaz və avadanlıqları, ofis avadanlığı və s. idxal olunur.
Səfir deyib ki, Hindistanın elektronika və kompüter avadanlığı sektoru hər il 156 milyard ABŞ dollarından çox dəyərində məhsul ixrac edir və bu sektorda iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 20,1% artaraq 620,42 milyon ABŞ dolları təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 11-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 22,5% artaraq 505,52 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində, Azərbaycanın ümumi ixracatında Hindistanın payı 3,0% təşkil edərək, Azərbaycanın 9-cu əsas ixrac istiqaməti olub. Azərbaycanın Hindistandan idxalı 2021-ci ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 114,90 milyon ABŞ dolları təşkil edib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


