“Korrupsiya ilə mübarizə”: ABŞ-ın yeni geosiyasi “silahı”?

   “Korrupsiya ilə mübarizə”:    ABŞ-ın yeni geosiyasi “silahı”?
  08 Dekabr 2021    Oxunub:1181
Amerika administrasiyası Birləşmiş Ştatların tarixində ilk dəfə antikorrupsiya strategiyasını qəbul edib. Atılacaq addımlar sırasında qanunvericilikdə dəyişikliklər, hakimiyyətin bütün qolları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, bu məsələ ilə bağlı beynəlxalq diplomatik koordinasiya məsələsi var.
Amerika mediası yazır ki, sənədin hazırlanmasına qalmaqallı “Pandora Dosyesi”inin nəşri də təsir edib. Strategiya Vaşinqtonun təşkil etdiyi virtual “Demokratiya Sammiti”ndə müzakirə ediləcək əsas məsələlərdən biri olacaq. Sənəd korrupsiyaya qarşı mübarizədə diplomatik fəaliyyətin gücləndirilməsinə diqqət çəkir, çirkli pulların “yuyulması” üçün Amerika və beynəlxalq maliyyə sistemlərindən istifadənin qarşısını almaq üçün əlavə tədbirlər təklif edir.

Təşəbbüsün təfərrüatlarını izah edən bülletendə deyilir ki, Bayden hökuməti "korrupsiyanın demokratiyanı məhv etmək xüsusiyyətindən xəbərdardır". ABŞ hakimiyyəti bunu həm də milli maraqların qorunması sahəsində əsas prioritetlərdən biri adlandırıb.

Strategiya beş bənddən ibarətdir.
Birincisi, “korrupsionerlər və onların şəbəkələri haqqında kəşfiyyat məlumatlarının toplanması və təhlili”, “hüquq-mühafizə orqanlarının resurs bazasının gücləndirilməsi”, ABŞ-da hökumətin bütün qollarının daha dərindən əlaqələndirilməsi, kəşfiyyat ilə təhlükəsizlik qüvvələri arasında məlumat mübadiləsidir. İcra hakimiyyəti tərəfindən bu prosesdə ABŞ Xəzinədarlığı, Ticarət Nazirliyi və USAID Beynəlxalq Yardım Agentliyi fəal iştirak edəcəklər.

İkincisi, çirkli pulların yuyulmasının və digər qeyri-qanuni təcrübələrin qarşısını almaq üçün Amerikanın maliyyə qanunvericiliyində boşluqların aradan qaldırılması planlaşdırılır. Çirkli pulların daşınmaz əmlak əldə edilməsi yolu ilə yuyulması ilə mübarizəyə xüsusi diqqət yetirilir. Ağ Evin məlumatına görə, son beş ildə ABŞ-ın daşınmaz əmlak bazarında təxminən 2,3 milyard dollar yuyulub.
Bülletendə deyilir ki, gələcəkdə çirkli pulların bu cür əməliyyatlar vasitəsilə yuyulmasının qarşısını almaq üçün ABŞ hökuməti qanunvericiliyə dəyişiklik edəcək və Konqreslə fəal işləyəcək.

Üçüncüsü, bu tədbirlərin təsirini artırmaq üçün ABŞ hökuməti bütün dünya üzrə həmkarları ilə digər ölkələrin qanunlarının ümumi antikorrupsiya normalarına uyğunlaşdırılması istiqamətində işləmək niyyətindədir. Ağ Ev bildirib ki, bu bütün dünyada beynəlxalq korrupsiyada əli olanların məsuliyyətə cəlb edilməsinə kömək edəcək.

Strategiyada dördüncü bənd “çoxtərəfli antikorrupsiya arxitekturasının qorunması və gücləndirilməsi”dir. Bununla Ağ Ev G20 və G7 çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı addımları, eləcə də ABŞ-ın yeni və mövcud təşəbbüslərə, məsələn, bütün dünyada hakimiyyət orqanlarının işinin şəffaflığının artırılmasına yönəlik “Açıq Hökumət” tərəfdaşlığına daxil olmasını nəzərdə tutur.

Nəhayət, beşinci bənd ikitərəfli diplomatik qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və antikorrupsiya siyasətinin məqsədlərinə nail olmaq üçün tərəfdaşların resurslarından istifadə edilməsi haqqındadır. Burada Amerika hakimiyyəti hökumət səviyyəsində qarşılıqlı əlaqələri təkmilləşdirməyi, həmçinin antikorrupsiya tədbirlərinin həyata keçirilməsi üçün digər ölkələrə yardım göstərməyi planlaşdırır.

Ağ Evin antikorrupsiya strategiyası 110 ölkənin dəvət olunduğu “Demokratiya Sammiti”ndə tərəfdaşlarla müzakirə ediləcək maddələrdən biridir. Amma bu variant da istisna deyil ki, Vaşinqton “korrupsiya əleyhinə mübarizə”dən əslində Rusiya və Çinə qarşı yeni diplomatik alət kimi istifadə etməyə çalışacaq.

Nadir Quliyev
AzVision.az



Teqlər: ABŞ   Korrupsiya  





Xəbər lenti