Horadiz-Ağbənd dəmir yolunun 25-ci km olan hissəsində iş bu il yekunlaşacaq
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, birinci mərhələdə 30 km-lik hissənin bərpası nəzərdə tutulur.
Qurumdan bildirilib ki, hazırda dəmiryolunun minalardan təmizlənmiş 48 km-lik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi həyata keçirilir: “İlin sonuna qədər xəttin 25-ci km olan hissəsində tamamlanma işlərinin aparılması planlaşdırılır”.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-dən artıq süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


