"Buradakı azərbaycanlılar bizə dəstək olmurlar" - “Avropa Türkləri Dərnəyi”nin rəhbəri

 "Buradakı azərbaycanlılar bizə dəstək olmurlar" -   “Avropa Türkləri Dərnəyi”nin rəhbəri
  09 Dekabr 2021    Oxunub:2386
“Almaniya Federativ Respublikasının yeni kansleri Olaf Şolts sözsüz ki, Angela Merkeldən daha yaxşı olacaq. Onu uzun zamandır tanıyırıq, Hamburqdandır. Şəxsən tanışlığımız da var. Tez-tez görüşlərimiz olurdu”.
Bunu AzVision.az -a açılamasında “Avropa Türkləri Dərnəyi”nin rəhbəri İlyas Kulaksız deyib. Onun sözlərinə görə, yeni kansler türklərlə həmişə xoş münasibətdə olub: “Etiraf etmək lazımdır ki, Angela Merkel qeyri-alman millətlərini sevmirdi. İndiki kansler daha yumuşaqdır, amma unutmayaq ki türkün türkdən başqa dostu yoxdur. Yenisi də köhnəsi kimi əcnəbilər üçün heç nə etməyəcək. Etməyəcəklər, etməyə də qoymayacaqlar”.

O qeyd edib ki, Almaniyanın yeni qurulan hökumətində türk əsilli olsa da, Türkiyəyə qarşı düşmən mövqeyilə tanınan nazir Cem Özdemir də var. Bundestaqın yeni vitse-spikeri, Hamburqdan olan Aydan Özoğuz da türk millətindəndir.

İlyas Kulaksızın sözlərinə görə, Almaniyada iqtidarın dəyişməsindən asılı olmayaraq Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyəti davam edir. Lakin diaspor rəhbəri bəzi azərbaycanlılardan narazılığını bildirib:
- Azərbaycanlı qardaşlarımızın mitinqlərinə, toplantılarına dəstək olmağa çalışırıq. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası kimi işlərdə birgə fəaliyyətimiz olub. Amma bəzən qardaşlığımız sözdə qalır. Deyirsən gəlin, birlikdə aksiya edək, heç kim ortaya çıxmır. Qardaşıq, amma bir çox hallarda bu, sadəcə söz olaraq qalır. Çiyin-çiyinə verib, birlikdə olmaq lazımdır. Bir-birimizə dəstək olmalıyıq. Azərbaycandan Almaniyaya köçmüş bir qrup var ki, işləri ancaq Azərbaycanın əleyhinə kampaniyalar aparmaqdır. Birləşmək barədə düşünmürlər.

Dərnək rəhbəri hesab edir ki, azərbaycanlılarla türklər birgə platforma quraraq, diaspor fəaliyyətlərini genişləndirə bilərlər: “Hər kəsin təşkilatı özündə qalmaq şərtilə birləşmək lazımdır. Çünki Avropada tədbir və ya aksiya üçün müraciət edəndə təşkilatın üzvlərinin sayını soruşurlar. Əgər müraciət edən təşkilatın üzvlərinin sayı azdırsa, icazə vermirlər. Heç saymırlar da. Danışanda hamımız deyirik ki, "azərbaycanlıyam, türkəm". Amma gəlib üzv olub, birləşmirlər. Üzvlər çox olduqda yumruğunu masanın üzərinə vurub, tələblərini irəli sürə bilirsən”.

Bəxtiryar Məmmədov
AzVision.az


Teqlər: Almaniya   dispora   Azərbaycan  





Xəbər lenti