Haqqın gücü ilə Gücün haqqının birləşdiyi gün – Ədalət Verdiyevin yazısı

   Haqqın gücü ilə Gücün haqqının birləşdiyi gün –    Ədalət Verdiyevin yazısı
  10 Dekabr 2021    Oxunub:2756
Bu gün Vətən müharibəsində işğalçı Ermənistan və onun havadarları üzərində qazandığımız möhtəşəm qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradının ilk ildönümünü qeyd edirik. Zəfər paradına aparan yol cəmi 44 gün davam etsə də, ərazi, idlim, relyef baxımından çox mürəkkəb, çətin vəzifə idi, amma qəhrəman əsgələrimiz onun öhdəsindən layiqincə gəldilər. Silahlı Qüvvələrimiz bir çox mütəxəssislərin və beyin mərkəzlərinin verdiyi proqnozlardan dəfələrlə artığını təkbaşına, həm də minimal itkilərlə bacardı.
Genişmiqyaslı döyüş əməliyyatlarında canlı qüvvənin döyüş ruhunun, imkan və peşəkarlığının vacib faktor olduğu yenilik deyil. Lakin tək bunun hesabına, həm də sərt iqlim və yüksək dağlıq ərazi şəraitində fasiləsiz qələbələr qazanmaq, onları daha geniş coğrafiyada inkişaf etdirmək və sona qədər qoruyub saxlamaq çətindir. Odur ki, Zəfər paradına aparan uzun illər ərzində Ali Baş Komandan İlham Əlievin effektiv ordu quruculuğu siyasətini və möhkəm iradəsini xüsusilə qeyd etməliyik.


Son 17 ildə Azərbaycanda Ordu quruculuğu daim dövlət siyasətinin prioritet istiqaməti kimi saxlanıldı. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini möhkəmləndirmək üçün ehtiyac duyduğumuz silah sistemlərinin ən üstün versiyalarını əldə etmək məqsədilə müxtəlif tərəfdaş ölkələrlə münasibətlərimizi düzgün qura bildik.

Silah bazarında münasibətlər bir qədər fərqli formaya malikdir. Digər bazarlardan fərqli olaraq, silah bazarında kommersiya və biznes maraqları həlledici amil deyil. Burada ölkələr arasındakı siyasi-hərbi əlaqələr, rəhbərlərin şəxsi münasibətləri, silahların istifadə ediləcəyi münaqişəyə ixracatçı ölkənin rəsmi mövqeyi, istehsalçı ölkə ictimaiyyətinin idxalçı ölkəyə münasibəti və s. kimi faktorlar böyük əhəmiyyət daşıyır.


Bütün bu faktorlarla bərabər, Azərbaycan paralel olaraq eyni tədarükçüdən asılı olmamaq üçün daim alternativləri də diqqət mərkəzində saxlayıb. Bütün binlar əməliyyatlar zamanı artan döyüş intensivliyinin fasiləsiz təminatında və Qələbənin əldə edilməsində mühüm rol oynadı.

Azərbaycan Prezidentinin məqsədyönlü fəaliyyəti nəticəsində beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza uyğun önəmli qərarların qəbul edildi. Zəfərə aparan yol çox çətin və mürəkkəb döyüş əməliyyatları ilə müşayiət olunsa da, Azərbaycana misli görünməmiş hərbi, siyasi, diplomatik, iqtisadi və mənəvi üstünlüklər təmin etdi.


“Azadlıq” meydanında keçirilən paradların arasında Zəfər paradı xüsusi yer tutur. Şuşanın azad edilməsindən sonra Azərbaycanın xüsusi təyinatlılarının şəhərin üzərində qaldırdıqları bayrağımızın Zəfər paradına gətirilməsi, Azərbaycan Silahlı Qüvvələri ilə bərabər qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların mayor Harun Ergenin rəhbərliyilə tribuna önündən keçmələri, hərbi paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə qəbul etmələri iki ölkə arasında münasibətlərin real göstəricisidir.


“Sarsılmaz qardaşlığın Zəfər Paradı” adlandıra biləcəyimiz bu parad son onilliklər ərzində dünyanın müşahidə etdiyi və uzun müddət yaddaşlarda qalacaq möhtəşəm hərbi tədbirlərdən biri oldu. Ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsilə müşayiət olunan paradda 44 günlük Vətən müharibəsində istifadə etdiyimiz müasir hərbi texnikalar, pilotlu və pilotsuz vasitələr, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərilə bərabər düşməndən qənimət götürülən və tam yararlı olan avtomobillər, qoşquda daşınan artilleriya vasitələri, zenit qurğuları, müxtəlif zenit-raket kompleksləri, piyadaların döyüş maşınları, tanklar, eləcə də istifadəyə yararsız çox sayda düşmən texnikalarını nümayiş etdirdik. Zəfər paradı həm Ermənistana, həm də onu dəstəkləyən ölkələrə Azərbaycan Silahlı Qüvvələrinin real döyüş potensialının komponentlərini nümayiş etdirdi.


Azərbaycan-Ermənistan münaqişəsində “i”nin üzərində nöqtəni qoyan hadisə qəhrəman Azərbaycan əsgəri və onun iştirakı ilə keçirilən Zəfər paradı oldu. Gələcək nəsillər üçün qoyub gedə biləcəyimiz ən dəyərli miras olan Qarabağ Zəfəri və onu dünyaya rəsmi şəkildə bəyan edən Zəfər paradının əhəmiyyəti bunlardır:

1) Zəfər paradı Azadlıq meydanında keçirilən digər paradlardan fərqli olaraq, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan ən mühüm parad oldu;

2) Zəfər paradı Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçularımızın Vətən sevgisinin və qəhrəmanlığının təzahürü idi;

3) Zəfər paradı Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının övladlarımız tərəfindən döyüş əməliyyatları teatrında praktiki icrası idi;


4) Zəfər paradı Azərbaycanda yaşayan bütün millətlərin haqlı və ədalətli mübarizəmizdə əldə etdiyi ortaq Qələbənin nümayişi idi.

5) Zəfər paradı işğalçının hərbi-siyasi-iqtisadi cəhətdən aşındırılaraq, dizi üstə çökdürülməsinin bəyan edilməsi idi;

6) Zəfər paraqı Qarabağ münaqişəsini hərbi yolla həllinin mümkünsüzlüyünü iddia edən dövlətlərə, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələrə Azərbaycanın siyasi iradəsinin əyani nümayişi idi;


7) Zəfər Paradı Ermənistanla bərabər ona siyasi, mənəvi və hərbi-texniki dəstək verən ölkələrin gizli də olsa, Azərbaycana məğlub olduqlarını etiraf etdikləri gün idi;

8) Zəfər paradı Azərbaycan, Türkiyə, Pakistan qardaşlığının ortaq imkanlarının nümayişi idi;

9) Zəfər paradı beynəlxalq separatizmin təməlinin sarsıldığı, erməni miflərinin isə birdəfəlik “dəfn” olunduğu gün idi;


10) Zəfər paradı Ermənistanın müttəfiqlərilə münasibətlərinin pozulmasını şərtləndirən amillərdən biri idi;

11) Zəfər paradı işğalçı Ermənistanın Azərbaycan tərəfindən layiqincə cəzalandırılmasının və alçaldılmasının aşkar nümayişi idi.

İllər keçəcək, nəsillər dəyişəcək, nələrsə unudulacaq, amma nə Qələbəmiz, nə onu bizə bəxş edən qəhrəman oğullarımız, nə də bu qələbəni dünyaya bəyan edən Zəfər paradımız heç bir zaman unudulmayacaq, əksinə, zaman keçdikcə gələcək nəsillər son 200 ildə ən mühüm tarixi hadisəmiz olan bu paradın əhəmiyyətini daha dərindən hiss edəcək, ondan yararlanacaqlar.
Zəfər paradımızın ilk yaşı mübarək olsun!

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Zəfər-paradı  





Xəbər lenti