İrəvan "əsir" ləri susmaları üçün həbsə atır

   İrəvan  "əsir" ləri susmaları üçün həbsə atır
  10 Dekabr 2021    Oxunub:2824
Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan İrəvana təhvil verilən 10 erməni hərbçidən beşini saxlayıb. Onlara ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, ölkə gündəminə çevrilən bu hadisə erməni cəmiyyətində narazılıqla qarşılanıb. Siyasətçilər, ziyalılar hətta şou nümayəndələri belə hiddətini gizlətməyərək hakimiyyətin bu davranışını anlaşılmaz qərar kimi qiymətləndirir.

Erməni ictimai fəal, "Vətəndaş şüuru" təşkilatının sədri Narek Samsonyan yerli mediaya verdiyi açıqlamada deyib ki, məhkumlar silahı atıb təslim olduqları üçün deyil, xəyanətkar ölkə rəhbərinin xain addımlarından danışmamaları üçün mühakimə olunacaqlar.



- Beləcə həbsə atılmayan digər "əsirlər" də susacaqlar. Oxşar addımlar hazırda etiraz edən əsgər valideynlərinə qarşı da sərgilənəcək. Üsyan etməyə çalışan itkin düşmüş hərbçilərin yaxınları əzizlərinin qalıqlarını “tap”a bilməyəcəklər.

Döyüşlərdə iştirak edib ölkəyə qayıdanları da eyni tale gözləyir. Onlardan kim hökuməti dəstəkləyəcəksə, o da qubernator təyin olunacaq, silahla mükafatlandırılacaq, Arayik Arutyunyandan medal alacaq və beləcə susacaq... Əgər hakimiyyət dəyişikliyi olmasa, bir neçə aydan sonra insanlar öz evlərində Qarabağ müharibəsindəki məğlubiyyətin sağlığına içməyə başlayacaqlar.

Erməni mediası tanınmış müğənni Şprotun hakimiyyətə qarşı ittihamlarını da işıqlandırıb. O, məhbuslarla bağlı danışarkən bir neçə gündür aksiya keçirən əsgər analarına hörmət qoyulmamasından da gileylənib:



“Mən əsir düşməyə haqq qazandırmıram. Yəni o formada əsir düşmək biyabırçılıqdır, ayıb olsun. Amma əgər dövlət arxanda dayanmırsa, komandirlərin qorxaqdırsa, sənin kifayət qədər və uyğun əsgərlərin yoxdursa, əsir düşə bilərsən. Qoy əsirləri yalnız əsl döyüşçülər mühakimə etsinlər. Bunu ölkənin simaları olan döyüşməyən şəxslər etməsin. Əsgər yaxınlarına, valideynlərə isə hörmət etmək və onlara qulaq asmaq lazımdır. Hələlik kimin və necə əsir götürüldüyü bəlli deyil. Könüllü əsir düşən oğlanlara da ayıb olsun... Ürəyi titrəyərək övladlarını əsgərliyə göndərən bütün valideynlərin qarşısında baş əyirəm. Onları hara göndərdiyinizi bilmirsiniz, amma siz bunu etdiniz. Təəssüf edirəm ki, sizə hörmət edilmədi və siz min dəfə peşman oldunuz”.

Qarabağ separatçılarının təhlükəsizlik üzrə keçmiş "müşaviri" Tiqran Abrahamyan da ölkəsində son vaxtlar Azərbaycanda saxlanılan erməni məhbuslara qarşı ittiham və tənqidlərin artmasından narahatlığını bildirib.



- Mən hələ "əsir"lərlə bağlı verilən açıqlamalarda “qəhrəman oğlanların” necə fərariyə çevrilməsinə toxunmuram.(Erməni spikerin məhbusları fərari adlandırıb-red.) Ötən il müxtəlif kontekstlərdə müzakirə olunan əsas mövzulardan biri də hərbi əsir məsələsi idi. Öz gücsüzlüyünü dərk edən hakimiyyət "hərbi əsir" problemini ictimai-siyasi gündəmdən çıxarmağa, onları gözdən salmağa, fərari deyərək çağırmağa, aralarında fərq qoymadan hamısını cinayətkar adlandırmağa çalışır.

Xüsusi olaraq qeyd edirəm- əsirlikdən qayıdan şəxslər əsirlikdə olma şəraitindən, səbəblərindən asılı olmayaraq həmişə müvafiq prosedurlardan keçirlər. Kim ki, cinayət törədib qanunla məsuliyyət daşımalıdır. Lakin hökm qüvvəyə minməmiş insanları təqib etmək və ya cinayətkar adlandırmaq məqbul deyil.

Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan İrəvana təhvil verilən 10 erməni hərbçidən beşini saxlayıb. Bu məlumatı "Sputnik Ermənistan"a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib. Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Məhkum   Əsir  



Xəbər lenti