“Gömrükdəki rüşvətxorların adlarını çəkin!” - Səfər Mehdiyev

   “Gömrükdəki rüşvətxorların adlarını çəkin!” -    Səfər Mehdiyev
  10 Dekabr 2021    Oxunub:1105
“Əgər sahibkar istehsal və ticarətdə düzgün strategiya qurursa, dövlət strukturlarından şikayətlənməyə heç bir səbəb qalmır. Başqa sualdır ki, bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər. Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar”.
AzVision.az bildirir ki, bu sözləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Haqqın.az saytına müsahibəsində deyib. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil: “Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur. Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır. Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq”.

S.Mehdiyev iş adamları ilə bütün problemləri müzakirə etməyə hazır olduğunu deyib: “Əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır. Faktların dili ilə danışaq. Bu il minlərlə iş adamını qəbul etmişik. Onların təklif, təşəbbüs, istəklərini diqqətə almışıq. Demirəm ki, biz ideal işləyirik. Əlbəttə, bizim də səhv və nöqsanlarımız olur. Ancaq onları dərhal düzəldirik. Milli qanunvericilikdə də çatışmazlıqlar var, onları ümumiləşdirmişik və yaxın zamanda parlamentin müzakirəsinə təqdim edəcəyik”.

Komitə sədri bildirib ki, gömrük xidmətində prezident İ.Əliyevin başlatdığı köklü islahatlara qədər ixrac-idxal əməliyyatlarına 7 minə yaxın sahibkar cəlb olunmuşdusa, artıq indi, islahatlardan sonra bu rəqəm 32 min nəfərə yüksəlib. “Bu, ölkədə liberal xarici ticarət siyasətinin yaranmasından xəbər verir. Bu, xırda və orta sahibkarların böyük ordusuna xarici ticarətə fəal şəkildə qatılmağa imkan yaradan liberal qanunvericiliyin fəaliyyətdə olmasını təsdiqləyir.

Mən sizinlə yetərincə açıq danışıram və aramızda tabu qoyulmuş mövzu yoxdur. Mən hər bir sahibkarla da bu cür danışıram. Korrupsiya, rüşvətxorluq, çatışmazlıqlar, inhisarçılıq, lobbiçilik haqqında … Mən iş adamlarına müraciət edirəm – bizim sıralarımızdakı rüşvətxorların adlarını çəkin!”-deyə S.Mehdiyev vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti