"Demokratiya sammiti riyakarlıq yarmarkasıdır" - Rusiyalı deputat

   "Demokratiya sammiti riyakarlıq yarmarkasıdır" -    Rusiyalı deputat
  10 Dekabr 2021    Oxunub:972
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr Komitəsinin sədri Leonid Slutski Vaşinqtonun təşkil etdiyi “Demokratiya sammiti”ni tənqid edib.
AzVision.az xəbər verir ki, komitə rəhbəri "Telegram" kanalında bu sammiti “riyakarlıq yarmarkası” adlandırıb.

Slutski bildirib ki, ABŞ bununla ölkələrin daxili işlərinə qarışır, eləcə də suveren dövlətlərə öz qaydalarını tətbiq etmək üçün müxalifətçiləri və “müstəqil” medianı maliyyələşdirir.

"Amerika hakimiyyəti bu cür tədbirlərdən Vaşinqtonun xeyrinə qeyri-qanuni sanksiyalar tətbiq etmək üçün istifadə edir. Fakt budur ki, nə ABŞ, nə də onun müttəfiqləri demokratiyanın bələdçisi və ya professoru tituluna iddia edə bilməzlər. Bu, sırf birqütblü dünya nizamını qurmaq üçün qisas almaq məqsədi ilə “demokratların” toplantısıdır", - parlamentari vurğulayıb.

O, həmçinin Polşa hakimiyyətinin ölkəni “demokratiyanın ilhamvericisi” adlandırdığını xatırladıb. Siyasətçi qeyd edib ki, əslində Varşava miqrasiya böhranının öhdəsindən gələ bilmir, qadınlara və uşaqlara münasibətdə su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə edir.

“Aydındır ki, “sammitin" birləşdirici gündəliyi yoxdur və onsuz bu cür təşəbbüslər iflasa məhkumdur”, - rusiyalı deputat deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sammiti ABŞ-ın “düşmənlərə qarşı dostlar” koalisiyası yaratmaq cəhdi adlandırıb.

"Demokratiya sammiti" 9-10 dekabr tarixlərində keçirilir. 110-a yaxın dövlətin dəvət aldığı tədbirə Türkiyə, Rusiya, Çin, Azərbaycan, Misir, Səudiyyə Ərəbistanı kimi əsas ölkələr dəvət almayıb. Bu sammit Amerikanın özündə, eyni zamanda Avropada da tənqid olunur.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Demokratiya-sammiti  



Xəbər lenti