ABŞ gərginlikdən qaçmaq üçün Kiyevə hərbi yardımı gecikdirir

 ABŞ gərginlikdən qaçmaq üçün Kiyevə hərbi yardımı gecikdirir
  11 Dekabr 2021    Oxunub:1405
ABŞ prezidenti administrasiyası Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketi hazırlayıb, lakin Kiyevin çoxsaylı müraciətlərinə baxmayaraq, onun göndərilməsini dayandırıb.
AzVision.azxəbər verir ki, bu barədə “NBC” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hərbi yardım paketinin təsdiqi üçün sənəd üç-dörd həftədir ki, prezidentin masasındadır. Bununla belə, bildirilir ki, gərginliyin artacağı təqdirdə Amerika hakimiyyəti Ukraynaya hərbi dəstəyin həcminin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdən keçirir.

Yardım paketinin tərkibi hələ də bəlli deyil, lakin Kiyev Amerika hakimiyyətini onlara raket və tank əleyhinə raketlər, elektron söndürmə sistemləri, radarlar, döyüş sursatları və tibbi ləvazimatlar göndərməyə çağırıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Co Bayden dekabrın 7-də videobağlantı vasitəsilə danışıqlar aparıb, söhbət iki saat davam edib. Əsas mövzu Ukrayna ətrafında vəziyyət olub. Liderlər, həmçinin ikitərəfli əlaqələr, kibertəhlükəsizlik və İranın nüvə sazişini müzakirə ediblər.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları əsassız adlandırb, onun fikrincə, bu, gərginliyin artmasına xidmət edir. Peskov Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. O, həmçinin söyləyib ki, Moskva Normand formatına və Minsk razılaşmalarına sadiq qalaraq, Kiyevə Donbassdakı münaqişənin həllinə kömək etmək üçün bütün səyləri göstərir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti