Erməniləri narazı salan "Demokratiya sammiti": Paşinyanın çıxışı hiddətə səbəb oldu

 Erməniləri narazı salan "Demokratiya sammiti":  Paşinyanın çıxışı hiddətə səbəb oldu
  11 Dekabr 2021    Oxunub:1394
Ermənistanın baş naziri Nikol Paşinyanın "Demokratiya sammiti"ndə iştirakı ölkəsində narazılıqla qarşılanıb. İctimaiyyət nümayəndələri, siyasətçilər, ekspert və ziyalılar mətbuata verdiyi açıqlamalarda baş naziri sərt şəkildə tənqid ediblər.
AzVision.az xəbər verir ki, kimisi ABŞ-ın təşkil etdiyi bu tədbiri süni tamaşa adlandırır, kimisi İrəvanda demokratiyanın olmadığı halda Paşinyanın belə bir sammitə qatılmasını absurd addım kimi qiymətləndirir.

Bəziləri isə ümumiyyətlə ölkə rəhbərini erməniləri uğursuz formada təmsil etməkdən gileylənib. Onlar hətta titrlərdə Ermənistan əvəzinə Rumıniya yazılması kimi anormal görüntülərə də alışdıqlarını etiraf edirlər.

Ermənistanın "Respublika" partiyasının sədri müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan Nikol Paşinyanın çıxışını ölkəsi üçün biabırçı hal sayıb.



- Kapitulyatorun ingilis dili biliyi Ermənistan və Rumıniya sözlərinin fərqlənməməsi səviyyəsindədir. Bu faktı bir kənara qoyuram. Elə zavallının bizə(keçmiş iqtidara-red.) “avtoritar” deyərək yenidən köhnə qayda ilə danışmağa başlamasına da fikir vermirəm. Hətta mən Ermənistanın demokratiyadan çox uzaq olması faktını belə rədd edirəm. Bütün bunlar bir yana. Ən əsası odur ki, o bu tədbirdə iştirak edərkən Azərbaycan tərəfindən "hücuma məruz qalmağımıza" dair bir söz belə işlətmədi. Bir kəlmə də olsun danışmadı. Demədi ki, sivil dünya bu "fakta" göz yumdu.

"Luys" fondunun təhlükəsizlik üzrə eksperti Derenik Xaçatrya n isə deyib ki, baş nazirin məlum çıxışı ilə Ermənistanın xarici siyasətinin bütün "əzəməti" və bərbadlığı özünü göstərmiş oldu.



- Ölkəni təmsil edən şəxs bir gündə bir-birinə diametral zidd olan iki beynəlxalq sammitdə iştirak edir. Elə bu təzadın özü də avantürist xarici siyasətdən xəbər verir. Bizə heç nə verməyən “Demokratiya sammiti”ndə iştirak özündə açıq-aşkar anti-Rusiya, anti-İran, anti-Çin siqnallarını ehtiva edir. Bu faktı bir kənara qoyaq.

"Demokratiya sammiti riyakarlıq yarmarkasıdır" - Rusiyalı deputat
Hər iki tədbirdə gündəlikləri və iştirakçıların dairəsini nəzərə alaraq, Ermənistan və "Dağlıq Qarabağ" üçün vacib olan məsələlər qaldırıla bilərdi. Amma baş nazir ümumiyyətlə, Qarabağ haqqında danışmadı. Azərbaycanın Avrasiya İqtisadi İttifaqına dəvət olunması məsələsinə reaksiya vermədi. Yenə də “demokratiya qalası”ndan söz açdı. Demokratiyaya dair konfransda Azərbaycan və Türkiyə tərəfindən insan haqlarının və demokratiyanın "pozulmasınaı" belə ortaya atmadı. O ümumiyyətlə "əsirlər"i yada salmadı.

Avrasiya İqtisadi Şurasının iclası zamanı sərhəddə yaranan toqquşmalara toxunmadı, nəticədə 8 yaralımız var. Bu xüsusilə də Nazarbayevin Azərbaycanla bağlı təklifinə qarşı cavab kimi uyğun hadisə idi. Azərbaycanın Ermənistan Respublikasının "ərazi"sinə daxil olması barədə də söz açmadı. Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın son "təhdidlər"ini belə yada salmadı. Bu şəxs beynəlxalq arenada Ermənistanın maraqlarını qorumaq niyyətində deyil. O, sadəcə 3 ildir ki, “Bastion of Democracy”(Demokratiya qalası) adlı mahnını qırıq-qırıq ifadələrlə ingilis və rus dillərində oxuyur. Bu isə bizi yeni geosiyasi oyunlara cəlb edir. Mən qorxuram ki, biz bu situasiyadan sonda bir dövlət olaraq çıxa bilməyək.

Qeyd edək ki, “Demokratiya sammiti" 9-10 dekabr tarixlərində keçirilib. 110-a yaxın dövlətin dəvət aldığı tədbirə Türkiyə, Rusiya, Çin, Azərbaycan, Misir, Səudiyyə Ərəbistanı kimi əsas ölkələr dəvət almayıb. Bu sammit Amerikanın özündə, eyni zamanda Avropada da tənqid olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   Demokratiya  



Xəbər lenti