MKİ-nin agentləri başqa metodlarla hazırlanacaq

   MKİ-nin agentləri başqa metodlarla hazırlanacaq
  11 Dekabr 2021    Oxunub:956
2001-ci ildən terrorçuluqla mübarizə aparan ABŞ-ın Mərkzəi kəşfiyyat idarəsi (MKİ) diqqəti Rusiya və Çinə qarşı cəmləşdirmək üçün agentlərin təhsili və hazırlığı metodlarını dəyişdirmək qərarına gəlib. Öz mənbələrinə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.
AzVision.az xəbər verir ki, həmin mənbələrin dediyinə görə, MKİ-nin keçmiş əməkdaşlarının çoxu Rusiya və Çin də daxil olmaqla, “çətin” dövlətlərlə bağlı zəruri kəşfiyyat məlumatlarının toplanması üçün ənənəvi “sakit” iş metoduna qayıtmağın vacibliyini vurğulayırlar. Belə dəyişikliklər ABŞ-ın sərhədlərindən çox-çox uzaqlarda, məsələn, Çinin böyük sərmayələr yatırdığı Qərbi Afrikada agentlərin yaxşı işini təmin etməyə imkan yaradacaq.

Nəzərdə tutulan plana görə, əməkdaşlar konkret coğrafi region üzrə ixtisaslaşma əsasında hazırlıq keçəcəklər. Agentin üzləşə biləcəyi konkret problemləri həll edə bilməsi hazırlığına və yerli dilləri öyrənməsinə xüsusi diqqət yetiriləcək.
MKİ habelə çoxlu sayda mandarin dilini (Çin dilinin ən çox yayılmış dialekti) bilənləri cəlb etməyi, texnologiyalara sərmayə yatırımını, insanlar haqqında məlumatların toplanmasına diqqəti artırmağı planlaşdırır. Bəzi ekspertlərin fikrincə, yeni metdolar əslində MKİ-nin 2001-ci il 11 sentyabr terroruna qədərki fəaliyyət rejiminə qayıtması deməkdir.

Maraqlıdır ki, məlumatı ötürən mənbələr MKİ-nin Çinlə bağlı “iş”də hansı hədəflərə kökləndiyini açıqlasalar da, Rusiya istiqamətində yeni metodların nədən ibarət olduğu barədə heç nə deməyiblər. Hərçənd, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinin ötən əsri 90-cı illərində MKİ-nin əməkdaşlarının Rusiya hökumətində müşavirlər qismində fəaliyyət göstərdiklərini bildirməsi Moskvanın artıq yeni metodlardan xəbərdar olduğuna eyham kimi də qiymətləndirilə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   kəşfiyyat  



Xəbər lenti