Dördüncü dəfə Avropa çempionu oldu
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, çempionatın ilk günündə 65 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 48 və 58 kiloqram çəki dərəcələrində isə qadın güləşçilər mübarizə aparmışlar.
Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Toğrul Əsgərov səkkizdəbir finalda bolqarıstanlı Borislav Noviçkovla qarşılaşmışdır. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabı ilə məğlub olmuşdur. B.Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, T.Əsgərovun təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.
Xetaq Qazyumov (97kq) səkkizdəbir finalda Belarus təmsilçisi İvan Yankovskini 7:0 hesabı ilə üstələmişdir. Dörddəbir finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olmuşdur. Görüşdə 6:2 hesablı qələbə güləşçimizi yarımfinala yüksəltmişdir. Ukrayna təmsilçisi Pavel Oleyniki də üstələyən (4:0) X.Qazyumov finala vəsiqə qazanmışdır. Həlledici qarşılaşmada güləşçimizi rusiyalı rəqibi Abdusalam Qadisova uduzaraq gümüş medalla kifayətlənib.
Qadın güləşçilərimizdən Mariya Stadnik (48kq) səkkizdəbir finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşmışdır. İdmançımız 14:2 hesabı ilə üstün olmuşdur. Dörddəbir finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə məğlub etmişdir. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlmişdir. Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə məğlub edən M.Stadnik dördüncü dəfə Avropa çempionu adını qazanıb.
Qitə birinciliyində 58 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa dörddəbir finaldan qoşulmuşdur. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabı ilə üstələyən təmsilçimiz yarımfinala yüksəlmişdir. Yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazanılan qələbə İ.Netrebanı finala çıxarmışdır. Finalda güləşçimiz Valeriya Jolobovaya (Rusiya) uduzmuş və gümüş medalla kifayətlənib.
Beləliklə də, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə biri qızıl olmaqla üç medal qazanıblar.
Teqlər: