Avetik İşxanyan: “İnsanların hüquqları kütləvi şəkildə pozulur”
Onun sözlərinə görə, son 3 ildə Ermənistanın hüquq sistemi (polis, istintaq orqanları, prokurorluq, milli təhlükəsizlik xidməti) icraedici hakimiyyətin rəhbəri tərəfindən “özəlləşdirilib”, hüquq-mühafizə orqanları isə qanunu və vətəndaşların hüquqlarını qorumaq əvəzinə, əsasən onun tapşırıqlarını yerinə yetirirlər.
“Dinc yığıncaqlar hüququ heç vaxt bugünkü - insnaların zorla saxlandığı və onlara qarşı cinayət işlərinin açıldığı bir vaxtdakı kimi pozulmamışdı. Belə vəziyyətdə insanların təməl hüquqları barədə söhbətləri davam etdirmək, sadəcə, gülməlidir. Konstitusiyaya görə, Ermənistan sosial dövlətdir, lakin insanların sosial hüquqları da pozulur. Optimallaşdırma pərdəsi altında internatların və səhiyyə müəssisələrinin bağlanması da bunu sübut edir. Yoxsulluğun səviyyəsinin artması fonunda sosial vəziyyət, yumşaq desək, ürəkaçan deyil”, - Avetik İşxanyan qeyd edib.
Hüquq müdafiəçisinin qənaətinə görə, vəziyyətin düzəldilməsi üçün ilk növbədə siyasi elitanın istəyi olmalıdır, çünki təməl hüquqlarının dərk olunmasını yalnız xalqdan tələb etmək gülüncdür.
- Hazırda Ermənistanda diktator Mussolinin “dostlara hər şey, qalanlara isə qanun” prinsipi işləyir. Dövlətin həqiqətən də insan haqlarına hörmətlə yanaşması və müstəqil məhkəmə sistemi qurmaqla islahatlar aparması üçün ictimai şüurun formalaşması və ictimaiyyətin hakimiyyətə təzyiqi lazımdır, - Ermənistanın Helsinki komitəsinin sədri vurğulayıb.
Bu kontekstdə, İşxanyan müstəqil məhkəmə sisteminin əhəmiyyətinə diqqət çəkib. Məhz icaredici hakimiyyət tərəfindən insan haqlarının pozulması reallığı, məhkəmənin icraedici hakimiyyətdən müstəqil olması zərurətini gündəmə gətirir.
“İnsan haqları hakimiyyətlə insan arasındakı şaquil münasibətlərə aid olan qaydalardır. Söz azadlığının pozulması, insana qarşı işgəncə tətbiq olunması, onun qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi dövlət tərəfindən insanın haqlarının pozulması kimi qiymətləndirilir. Müstəqil məhkəmə sistemi isə məhz insanların hüquqlarını bərpa etməli və bu pozuntuları aradan qaldırmalıdır, - Avetik İşxanyan bildirib.
Marqlıdır ki, insanların təməl hüquqlarının pozulması müstəvisində belə ciddi problemlərin tüğyan etdiyi Ermənistan ABŞ-ın təşəbbüsü ilə beynəlxalq insan haqları günündə keçirillən “demokratiya” sammitinə dəvət alıb. Belə çıxır ki, Ermənistanın Helsinki komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyanla Vaşinqtonun “demokratiya” anlayışı barədə düşüncələri diametral şəkildə bir-birinə ziddir. İşxanyanın açıqlamasından onun mövqeyi hamıya aydın oldu. Yəqin ki, Vaşinqton da bu məsələdə öz mövqeyini tezliklə açıqlayacaq. Ən azı ABŞ-ın yanaşmasına aydınlıq gətirilməsi üçün.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan demokratiya







Vaxtında, Aydın, Lazımlı!


