“Amerika regionda olduğunu göstərmək istəyir” - Rusiyalı analitik

   “Amerika regionda olduğunu göstərmək istəyir” -    Rusiyalı analitik
  13 Dekabr 2021    Oxunub:2744
Ötən həftə Amerika Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin Rusiyanın Qara dəniz sərhədi bölgəsində vəziyyəti izləyib, sonra Ermənistan və Azərbaycan tərəfə uçub, ardınca Gürcüstanın hərbi məkanına daxil olması xeyli suallar doğurmuşdu.
Rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik üzrə ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş AzVision.az -a açıqlamasında məsələni tam başa düşmədiyini söyləyib:

- Amerikanın kəşfiyyat təyyarəsi Qara dəniz üzərində Rusiya sərhədi boyunca uçubsa, bu anlaşılandır. O, neytral zonadadır və bu, pozuntu deyil. Lakin Azərbaycan-Ermənistan sərhədi boyunca daha irəli gedibsə, ora necə gəlib çıxıb?

Rusiyalı analitik deyir ki, sərhəd xətti üzərindən yalnız Ermənistan və ya Azərbaycan ərazisindən, ya da İrandan və Türkiyədən keçərək uçmaq olar:

- Başqa haradan ola bilər? Aydın məsələdir ki, onlar sərhəd boyu uçublarsa, Azərbaycan ərazisindən gəlməyiblər. İran da ola bilməz. Qalır Ermənistan. Türkiyə də inandırıcı deyil. Əgər Amerika təyyarəsi sərhəddə Ermənistan ərazisindən gəlibsə, bu ancaq razılaşdırılmış hərəkət ola bilər. Deməli, uçuşa icazə də alınıb. Buna görə heç kim onu vurmağa hazırlaşmır. Təbii ki, başqa dövlətin sərhədlərini pozmursa. Amma Ermənistanın belə riskli bir addım atması çox qəribədir. Bu, aşkar təxribatdır. O cümlədən Rusiyaya qarşı.

Vladimir Bekişin fikrincə, təyyarənin vurulmamasına səbəb budur ki, kimin nə və niyə etdiyini bildilər. Amerikalılar əvvəllər heç vaxt məhz bu şəkildə, öz təyyarələri, identifikasiya nömrələri ilə uçmayıblar. İndi uçurlarsa, ilk növbədə Rusiya və Türkiyəyə mesaj verirlər. Yəni “... biz buradayıq, lazım olsa, hər şeyi görəcəyik və sizdən nəsə soruşmayacağıq”. Amerikalılar regionda olduqlarını hər kəsə göstərmək istəyirlər. Onlar situasiyanı izləyirlər.

Belə vəziyyətlərdə Rusiyanın necə hərəkət etməli olduğundan danışan rusiyal analitik situasiyanın çox maraqlı olduğunu bildirib: "Rusiya çox hay-küy qaldırmadı. Mümkün izahat odur ki, amerikalılar Rusiyaya xəbərdarlıq etdilər. Rusiya Amerika kəşfiyyatı qarşısında özünü “yatmışlığa vurdu”. Onu içəri buraxanların üstünə də qışqırmadı".

Cavad Muradov
Nadir Quliyev



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti