Akayev ifadə vermək üçün Bişkekə gəlib

Akayev ifadə vermək üçün Bişkekə gəlib
  14 Dekabr 2021    Oxunub:988
Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev oğlu İlim Akayevlə birgə dekabrın 14-nə keçən gecə Moskvadan Bişkekə uçub.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Siyasətçi ölkənin ən böyük qızıl mədəni “Kumtor”la bağlı korrupsiya işi üzrə ifadə vermək üçün ölkəyə gəlib.

Məlumata görə, Akayev respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi ilə razılaşdıraraq 2-3 gün müddətinə Qırğızıstana gəlib.

"Akayev "Kumtor" işi üzrə ifadə verəcək. Bu dəfə sabiq prezident Keminə getməyəcək, o, istintaqın bütün suallarına cavab vermək niyyətindədir", - sabiq prezidentin yaxınları bildirib.

Qeyd edək ki, bu, Akayevin il ərzində Qırğızıstana ikinci səfəridir.
Uzun illərdən sonra ilk dəfə o, 2021-ci ilin avqustunda "Kumtor" işində ifadə vermək, istintaq hərəkətlərinin aparılması və hüquq-mühafizə orqanlarının qarşısında duran suallara aydınlıq gətirilməsi üçün Qırğızıstana gəlmişdi.

Keçmiş dövlət başçısı bundan əvvəl 1992-ci ildə “Kumtor” layihəsi üzrə baş sazişin bağlanması, 1994-cü ildə ona dəyişikliklərin edilməsi, habelə 2003-cü ildə “Kameko” şirkəti ilə baş müqavilənin restrukturizasiyası zamanı korrupsiya şübhəsi ilə bağlı bildiriş alıb.

Eks-prezidentin respublikaya qayıtmasının könüllü olduğu dəqiqləşdirilib. Akayev özü də istintaqla əməkdaşlıq edəcəyini bəyan edib.

Xatırladaq ki, Əsgər Akayev Qırğızıstanın ilk prezidenti olub. 2005-ci il inqilabından sonra o, Rusiyada yaşayır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qırğızıstan  



Xəbər lenti