“Etimad Başkeçidinki cığallıqdır”

“Etimad Başkeçidinki cığallıqdır”
  02 Aprel 2013    Oxunub:2375
Mövlud Süleymanlı: “O, özünü bu mükafata layiq bilmirsə, lap yaxşı...”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkil etdiyi Ədəbiyyat Mükafatının qalibləri elan olunub. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatına Etimad Başkeçid (“Min yol mənə söylər”) və Alpay Azər (“Şax yeriyənlər”) layiq görülüblər.

Lakin nəsr mükafatının qalibi Etimad Başkeçid bəyanat yayaraq mükafatdan imtina etdiyini açıqlayıb. Bəyanata görə, müsabiqənin nəticələrinə diqqət yetirdikdə açıq-aydın görünür ki, əvvəlcədən elan olunmuş qaydalar çeynənib: “Hər birinə ayrı-ayrılıqda hörmət bəslədiyim münsiflərin iradəsi «korrektə»yə məruz qalıb. Bu cür kütləvi mükafatlandırma kimə və nəyə lazımdır? Bu, toyuqlara dən səpmək kimi bir şeydir. Bu xüsusda yalnız bir ehtimal var: elə bil, kimsə cəmiyyətə mesaj ötürmək istəyir ki, müsabiqəyə təqdim olunan əsərlərin hamısı bir bezin qırağıdır, burada dişə vurulası heç nə yoxdur. Odur ki, mən bunu kütləvi cəzalandırma kimi qəbul edirəm”.

AYB-nin mükafatlandırma komissiyasının sədri Mövlud Süleymanlı isə AzVision.az-a açıqlamasında Etimad Başkeçidin mükafatdan imtina etməsini ancaq və ancaq cığallıq hesab etdiyini bildirib: “Bunun nəyi doğru olmaya bilər ki? O yazılar çoxdan seçilib. Təxminən Etimad Başkeçidin romanı ilə eyni səviyyədə olan əsər də həmin yerdə qərar tutub. Yəni eyni yer iki yerə bölünüb. Onun da iradı məhz bununla bağlıdır ki, niyə iki yerə bölünüb? Sadəcə bunu bir az obrazlı şəkildə ifadə dib. Nəyə lazımdı bu yalan, böhtan? Burda ciddi iş görülüb, o yazlar oxunub və seçilib. Yaxşı yazıların sayı çox olduğuna görə 1-ci yer də iki yerə bölünüb. Tək nəsr nominasiyası- Yusif Səmədoğlu adına mükafat deyil ki. Orda bütün mükafatlar bu şəkildə seçilib ki, digər yaxşı yazı müəllifləri də boşda qalmasın. Bunun nəyi pisdi ki? Özünü o yerə layiq bilmirsə, lap yaxşı...Düşünən adam başa düşə bilər ki, bu ittiham nə dərəcədə obyektivdir. Onun mükafatdan imtina etməyinin səbəbi iki qalibin seçilməsidir. Ancaq bu səbəbi göstərir, başqa nə səbəb gətirir ki? Mahiyyətini dərk edəndə aydın olur ki, nəyə görə belə cığallıq edir. Buna ancaq cığallıq demək olar”.

Qeyd edək ki, Etimad başkeçid bəyanatında xüsusi olaraq qeyd edib ki, bu addımıyla onunla eyni nominasiyada qalib olmuş Alpay Azərin əsərinin üzərinə qətiyyən kölgə salmaq niyyəti yoxdur.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti