ABŞ konqresmenlərinin Kubaya canıyananlığı

   ABŞ konqresmenlərinin Kubaya canıyananlığı
  17 Dekabr 2021    Oxunub:703
ABŞ konqresinin Nümayəndələr palatasındakı demokratlar fraksiyasının 100-dən çox üzvü Co Baydeni Kubadakı humanitar və iqtisadi problemlərin həllinə yardım göstərmək üçün bu ölkəyə qarşı tətbiq edilən bəzi məhdudiyyətlərin ləğv olunmasına çağırıblar. “The Hill” qəzetinin məlumatına görə, konqresmenlər ABŞ prezidentinə ünvanladıqları məktubda Kubaya dərmanların və pul köçürmələrini çətinləşdirən və ya əngəlləyən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına tərəfdar çıxıblar.
AzVision.az “The Hill” qəzetinə istinadən xəbər verir ki, amerikalı qanunvericilərin məktubunda onların təkliflərinin “ən yeni tarixdə daha kəskin iqtisadi və humanitar böhran yaşayan” Kubanın müəyyən problemlərinin həllinə kömək edə biləcəyi vurğulanır. Belə ki, ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalar “texniki” baxımdan bu ölkəyə humanitar yardım göstərməyə imkan versə də, buna hazır olanlar, istər-istəməz amerika qanunlarını pozmaqdan ehtiyatlanaraq, belə addımları atmaqdan çəkinirlər.

Konqresmenlər, o cümlədən, kubalı mühacir ailələrinin pul köçürmələrinə, ailə münasibətlərinin qorunub-saxlanması və ya bərpası üçün onların Kubaya gedişlərinə məhdudiyyətlərin ləğv olunmasına çağırıblar.

- Biz düşünürük ki, bu təxirəsalınmaz addımlardan başqa, Kuba ilə əməkdaşlıq siyasəti ABŞ-ın və Kuba xalqının maraqlarına cavab verir. Belə siyasət Kuba ilə əməkdaşlığın dərinləşdirilməsi və münasibətlərin normallaşdırılması kontekstində daha təkmil kompleks tədbirlərin həyata keçirilməsinə, hər iki ölkənin səfirliklərinin personal ştatının artırılması imkanı da nəzərə alınmaqla, yüksək səviyyədə diplomatik əlaqələrin yenilənməsinə gətirib çıxaracaq, - ABŞ prezidenti Co Baydenə göndərilən məktubda qeyd olunur.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: ABŞ   Kuba  



Xəbər lenti