Avropa ilə Çinin arasındakı açar ölkə (Müsahibə)

// Sibel Gültekin Karagöz AzVision-a Türkiyənin yeni hədəflərini şərh edib

   Avropa ilə Çinin arasındakı açar ölkə    (Müsahibə)
  19 Dekabr 2021    Oxunub:4751
“Türkiyə qlobal nəqliyyat xəritəsində imtiyazlı yerə malikdir. Bu mövqeyimizi daha əlverişli hala gətirməliyik. Türkiyə bütün nəqliyyat növlərinin istifadə oluna biləcəyi rahat ölkədir. Bu sahədə yeni əlaqələr qurmaq və mövcud olanları inkişaf etdirmək həm öz iqtisadiyyatımızı dəstəkləmək, həm də tərəfdaş ölkələrlə əlaqələrimizi gücləndirmək deməkdir”.
Bu sözləri AzVision.az -a müsahibəsində UTİKAD -ın (Beynəlxalq Ekspedisiya və Logistika Xidmətləri Təchizatçıları Assosiasiyası) İdarə Heyətinin üzvü, Dəmiryolu və İntermodal İşçi Qrupunun rəhbəri, “Sibel Global Logistics” firmasının sahibi Sibel Gültekin Karagöz deyib. O, vurğulayıb ki, Türkiyə dünyanın əsas iqtisadi gücləri olan Rusiya, Çin və ABŞ-ın Avropa, Yaxın Şərq və Şimali Afrikaya yollarında əsas açar mövqedədir:

- Türkiyə vasitəsilə özlərinə fərqli bazarlar tapan bu böyük iqtisadiyyatlar ticarət həcmləri artanda yeni investisiyalar üçün bizə üz tutacaqlar. Belə olan halda ölkəmizə birbaşa xarici investisiyalar artacaq.

- Türkiyənin Orta Asiya, Pakistan və Çin kimi ölkələrlə nəqliyyat və logistika əməkdaşlığı və əlaqələri hansı səviyyədədir?
- Dünyanın ən böyük ixracatçısı olan Çin həm də Türkiyənin Şərqi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Ona görə də, Çinlə yüksək səviyyəli kommersiya əlaqələri logistikanın uyğun səviyyədə olmasını tələb edir. Türkiyə Çinin İpək Yolunu canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir. Çinin Avropaya açılmasında Türkiyə də mühüm rol oynayır. “TransXəzər-Orta Dəhliz” layihəsində Bakı-Tbilisi-Qars xətti ilə Türkiyə Çindən Avropaya qədər uzanan bu dəhlizin əsas nöqtəsində yer alır.

İdxalda birinci yerdə olan Çinin payı 10,49 faiz olduğu halda, ixracatdakı payı 1,66 faizdir. Çin və Türkiyə arasında avtomobil yolu ilə beynəlxalq daşımalara dair saziş, mülki aviasiya müqaviləsi kimi sazişlər də var. Bura üçüncü ölkə daşımaları üçün tranzit sənədləri, sürücülər üçün viza rahatlığı da daxildir.

Orta Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla da hava nəqliyyatı və quru nəqliyyatı, xüsusilə də Beynəlxalq Kombinə Yük Daşımaları Sazişləri sahəsində müqavilələrimiz var. Türkiyə qarışıq iqtisadi komissiyaları, qarışıq quru nəqliyyat komissiyaları, yüksək səviyyəli səfərlər və işgüzar şuraları ilə bu ölkələrlə də əməkdaşlıq sahəsini genişləndirməyi hədəfləyir. Xarici İşlər Nazirliyimizin məlumatına görə, 2019-cu ildə Türkiyənin region ölkələri ilə ticarət həcmi 8,5 milyard dollar təşkil edib və sözügedən ölkələrdə 4 mindən çox türk şirkəti fəaliyyət göstərir.

Qazaxıstanla imzalanmış Beynəlxalq Birgə Yük Daşımaları Sazişi nəticəsində döviyyənin həcmi artıb. Məqsəd Avropa, Baltik regionu, Qara dəniz hövzəsi, Yaxın Şərq, Qafqaz və digər bölgələrin nəqliyyat şəbəkələrinin inteqrasiyasıdır. Bu məqsədə uyğun olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Türkiyə və Qazaxıstanı birləşdirən Mərkəzi Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi nəzərdə tutulur.


Mövzu ilə əlaqəli digər materiallar:
"Çin artıq təkcə iqtisadi güc olmaq istəmir" – Dr. Ali Semin (müsahibə)
“Dünyanın üçüncü-dördüncü gücünə çevrilə bilərik” – Hasan Oktay (müsahibə)
“Özbəkistan regionda aktiv oyunçuya çevirilib” (Müsahibə)

Bizim Özbəkistan, Qazaxıstan və Qırğızıstanla strateji tərəfdaşlıq əlaqələrimiz var. Tacikistanla aramızda Əməkdaşlıq Şurası yaradılıb. Türkmənistanla əlaqələrimiz kommersiya, sərmayələr, tikinti və digər sahələrdə sürətlə inkişaf edir. Xarici İşlər Nazirliyimizin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul ayları üzrə ixracata görə Türkiyə 137 milyon dollar (ümumi ixracın 21,4%-i) ilə Tacikistanın tərəfdaşları arasında birinci yerdədir.

Pakistana nəzər salsaq, 2021-ci ilin oktyabrın 8-də İslamabad-Tehran-İstanbul (ITI) nəqliyyat dəhlizində TIR-ların ilk səfəri təntənəli şəkildə qeyd edildi. Dəniz yolu ilə Pakistanla Türkiyə arasında 25-40 gün çəkən müddət yeni magistral marşrutla 6 günə endirildi.
Hazırda Pakistan və Türkiyə arasında Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasları keçirilir və keçid sənədləri müəyyən edilir. Bundan əlavə, iki ölkə arasında Beynəlxalq Avtomobil Daşımaları Sazişi də qüvvədədir.

- Bu ölkələrlə iqtisadi əməkdaşlığın perspektivləri istiqamətində nələr planlaşdırılır?
- Çinin Türkiyədə texnologiya sahəsində yatırımları, eyni zamanda, türk limanlarına investisiyaları var. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha səmərəli istifadə etmək üçün də səylər davam etdirilir. Bundan əlavə, Ticarət Nazirliyinin açıqladığı məlumatda “Uzaq Ölkələr Strategiyası” çərçivəsindəki ölkələr arasında Çini də görürük. Bu strategiyada coğrafi baxımdan Türkiyədən uzaq, lakin ixrac potensialı yüksək olan ölkələrlə ticarətin inkişaf etdirilməsi hədəflənib. Biz belə hesab edirik ki, mal və xidmət ixracında Çinlə tarazlıq yaratmaq üçün belə böyük bazardan mütləq faydalanmaq lazımdır.
Mərkəzi Asiya ölkələrinə ixracın artması o deməkdir ki, bu ölkələrlə logistika da yüksək səviyyəyə qalxır. Biz elektrik avadanlığından toxuculuq məhsullarına, qidadan dərmana qədər bir çox məhsul çeşidini idxal və ixrac edirik.
Pakistanla aramızda ticarət həcminin 5 milyard dollara çatdırılması hədəflənir.
Bundan əlavə, Çinin “Bir kəmər, bir yol” layihəsinə Çin-Pakistan İqtisadi Dəhlizi daxildir. Bu dəhliz Kaşqardan başlayır və Qvadar limanına qədər uzanır. Ona görə də, Pakistandan dəniz yolu ilə Çinə çatmaq üçün alternativ yol hesab oluna bilər.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Logistika  





Xəbər lenti