Ravşan Nazarov: “Özbəkistan regionda aktiv oyunçuya çevirilib” (Müsahibə)

  Ravşan Nazarov:   “Özbəkistan regionda aktiv oyunçuya çevirilib”  (Müsahibə)
  19 Dekabr 2021    Oxunub:3596
Talibanın Əfqanıstanda hakimiyyətə qayıtması Mərkəzi Asiya regionunda və bütövlükdə Avrasiya qitəsində tamamilə yeni vəziyyət yaradıb. Digər tərəfdən, Azərbaycanın öz ərazilərini azad etməsi, İranla dövlət sərhədinin tam bərpa olunmasıyla nəticələnən İkinci Qarabağ müharibəsi də regionda yeni siyasi və iqtisadi reallığın əsasını qoydu. Belə vəziyyətdə Türkiyədən Çinə qədər uzanan coğrafiyada əməkdaşlıq üçün yeni üfüqlər və perspektivlər açılır.
AzVision.az bu mövzuda özbək politoloq, Rusiyanın Plexanov adına İqtisadiyyat Universitetinin Daşkənd flialının dosenti Ravşan Nazarovla söhbətləşib.

- Yeni şəraiti nəzərə alaraq, Özbəkistan Azərbaycan, Əfqanıstan və Pakistanla əməkdaşlıq kontekstində hansı rolu oynaya bilər? Bölgələrimizdə baş verən yeni hadisələr fonunda rəsmi Daşkənd bu ölkələrlə münasibətlərini necə qurmağa hazırlaşır?

- Sadaladığınız ölkələr üçün perspektivli əməkdaşlıq sahəsi nəqliyyatdır. Bir çox ölkələrin pandemiya ilə bağlı mənfi nəticələrlə üzləşdiyini nəzərə alsaq, adı çəkilən dövlətlərin beynəlxalq nəqliyyat dəhlizləri sistemində olması daha aydın görünməlidir. Nəqliyyat əlaqələrinin inkişafı ölkələrimizə böyük iqtisadi fayda vəd edir. Ötən il Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Əfqanıstandakı hakimiyyət dəyişikliyi faktik olaraq bütün ölkələr - Türkiyə, Pakistan, Azərbaycan, Əfqanıstan və Özbəkistan üçün yeni imkanlar açır.


“Taliban” hakimiyyətə gələnə qədər “Lacivərd dəhlizi” (Əfqanıstan, Türkiyə, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında tranzit layihəsi) fəaliyyət göstərirdi. Doğrudur, Özbəkistan bu layihəyə daxil deyildi, lakin Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu dəhliz dayandırıldı və onun gələcək taleyinin necə olacağı məlum deyil. Mənə elə gəlir ki, Zəngəzur dəhlizinin işə düşməsi türkdilli ölkələri birləşdirə, həm Türkiyə, həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin ticarət-iqtisadi əlaqələrinin inkişafına müəyyən töhfə verə bilər.

Bundan əlavə, ölkələrimiz, məsələn, Qara dənizə, oradan isə Avropaya çıxışı olan yeni nəqliyyat dəhlizinin işə salınması haqqında düşünə bilərlər. Yeganə maneə Əfqanıstandakı qeyri-sabit vəziyyətdir. Taliban beynəlxalq öhdəlikləri yerinə yetirməyi vəd edib. Bunlara: geniş təmsilçiliyə əsaslanan hökumət yaratmaq; əsas insan hüquq və azadlıqlarına, o cümlədən qadınların və milli azlıqların hüquqlarına riayət edilməsi; beynəlxalq terrorizmə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə; müxtəlif terrorçu qrupların ölkə ərazisində yerləşdirilməsinin qarşısının alınması, onlarla hər hansı əlaqənin kəsilməsi; region ölkələri ilə mehriban qonşuluq münasibətlərinin saxlanması daxildir. Taliban digər qonşuları ilə normal, sabit münasibətlər qurmağa çalışır. Ən azı belə deyirlər. Lakin hər bir Mərkəzi Asiya ölkəsi Talibanla bağlı ciddi narahatlıq keçirir, çünki Talibanın bölgədə növbəti addımlarının nə olacağı məlum deyil. Özbəkistanın ənənəyə sadiq qalaraq Əfqanıstana qarşı qarşılıqlı hörmət, bərabərlik və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan dostluq siyasəti aparır. Əfqanıstana məktəb və universitet müəllimlərinin, tibb işçilərinin, rabitə və tikinti şəbəkələrinin idarə edilməsi, dəmir yolu və hava xidməti üzrə mühəndislərin hazırlanmasında yardımı davam etdirməyə razılaşıb. Əfqanıstan tərəfinin müraciətinə əsasən, Məzari-Şərif beynəlxalq hava limanının fəaliyyətinin bərpasına, onun infrastrukturuna xidmət edən mühəndislərin hazırlanmasına kömək göstərilir.
Özbəkistan Əfqanıstanla mədəni-humanitar əlaqələrin daha da inkişafına böyük əhəmiyyət verir. Taliban hökuməti tələbələrin Termezdəki Təhsil Mərkəzində özbək dili və ədəbiyyatı müəllimləri, dəmir yolları, mülki aviasiya yer dispetçerləri, gömrük və bank işi kimi ixtisaslar üzrə təhsil almağa göndərilməsi təcrübəsini bərpa etməyə hazır olduğunu bildirib. Əfqanıstanın yeni rəhbərliyi Özbəkistanla birlikdə tarixi şəxsiyyətlərin - Heratda Əlişir Nəvainin, Kabildə Zahiriddin Məhəmməd Baburun, Taharda Boborahim Məşrabın, Qəznədə Əbu Reyhan Biruninin dəfn olunduğu yerlərin abadlaşdırılması üzrə iş aparmağa hazır olduğunu bildirib.

Əfqanıstanda özbək dilinin yerinin və rolunun gücləndirilməsi istiqamətində birgə tədbirlər həyata keçirilir. Ölkənin məktəb və ali təhsil müəssisələrində özbək dilinin öyrənilməsinə xüsusi diqqət yetiriləcək. Bu günə qədər 200-ə yaxın əfqan tələbə Termez şəhərində özbək filologiyası ixtisası üzrə təhsil alıb.

Özbəkistan həmişə Əfqanıstana maraq göstərib, onun filologiyasını, ədəbiyyatını, tarixini, mədəniyyətini, iqtisadiyyatını və siyasətini öyrənib. Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Əfqanıstana mütəxəssis hazırlamaq məqsədilə uzun müddət puştu və dəri dilləri dərindən tədris olunub, istedadlı tərcüməçilər, görkəmli diplomatlar, əfqanşünas mütəxəssislər yetişdirilib. Özbəkistan əmindir ki, sabit, dinc və firavan Əfqanıstan çoxmillətli əfqan xalqının, onun regiondakı qonşularının və bütövlükdə dünya birliyinin maraqlarına cavab verir.

- Bəs Pakistanla münasibətlər nə yerdədir?
- Pakistan-Özbəkistan münasibətlərinə gəlincə, ilin əvvəlindən ikitərəfli ticarət dövriyyəsi 2,5 dəfə artıb, 30-dan çox yeni birgə müəssisə yaradılıb. Daşkənd və Lahor arasında hava hərəkəti bərpa edilib. Səmərəli işgüzar münasibətlərin genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində gələcəkdə görüləcək birgə işlərin vacibliyi vurğulanıb. Söhbət ilk növbədə güzəştli ticarət haqqında sazişin vaxtından əvvəl qəbul edilməsindən, tranzit və ticarət əlaqələri haqqında sazişin müddəalarının həyata keçirilməsindən, qəbul edilmiş “yol xəritəsi”nə uyğun olaraq iqtisadiyyatın müxtəlif sahələrində investisiya layihələrinin həyata keçirilməsindən gedir. Görüş zamanı Əfqanıstandakı ağır vəziyyət kontekstində regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Regional təhlükəsizliyin təmin edilməsi məsələlərində sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.


Daşkənd və İslamabad kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və kimya, toxuculuq, tikinti materialları sənayesi və digər sahələrdə investisiya layihələrinin təşviqinə xüsusi diqqət yetirirlər.

- Özbəkistan Bakı-Tiflis-Qars dəmir yolunun imkanlarından fəal istifadə edir. Türkiyə ilə ticarət xüsusilə aktivdir. Bu dəmir yolunda yük daşımalarının statistikası haqda nə deyə bilərsiniz? Rəsmi Daşkənd bu layihə ilə bağlı bundan sonra nələr etməyə hazırlaşır?

- Bakı-Tiflis-Qars dəmir yolu biznesin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə hər zaman bir yerdə olacaq və bir-birini dəstəkləyəcək. Bakı-Tiflis-Qars dəmir yolu kimi nəhəng layihələr birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir. Bu yol təkcə Cənubi Qafqaz deyil, Mərkəzi Asiya dövlətləri üçün də mühüm əhəmiyyət kəsb edir ki, bunu Qazaxıstanın və Özbəkistanın baş nazirləri B.Saqintayev ilə A. Aripovun açılış mərasimində iştirakı da təsdiqləyir. Açılışdan bir il sonra Özbəkistanın Azərbaycandakı səfiri deyib: “Ümid edirik ki, Azərbaycan da Mərkəzi Asiyanın ürəyində yerləşən, böyük iqtisadi və strateji imkanlara malik Özbəkistanın potensialından istifadə etməkdə maraqlıdır. Bu baxımdan qeyd etmək istərdim ki, “Nəvai” azad iqtisadi zonası da nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın dərinləşməsi üçün yaxşı zəmin yaradır”. BTQ-nin təxmin edilən buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edir. Gələcəkdə nəqliyyat dəhlizinin ötürücülük qabiliyyəti ildə 3 milyon sərnişinə və 20 milyon ton yükə çatdırıla bilər.
Təkcə 2021-ci ilin birinci yarısında BTQ dəmir yolu ilə təyinat məntəqələrinə 13 610 şərti konteyner çatdırılıb. Məlumata görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 63% çoxdur. Xüsusilə əhəmiyyətli artım 2021-ci ilin iyun-iyul aylarında müşahidə olunub: 2021-ci ilin iyul ayında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınan konteynerlərin sayı 2,1 dəfə artıb.
2021-ci ilin yanvar-iyul aylarında daşınan konteynerlərin 92%-ni tranzit yüklər təşkil edib. BTQ ilə əsasən Azərbaycan ərazisindən tranzit keçən yüklər Türkiyə - Çin, Türkiyə - Mərkəzi Asiya marşrutları (o cümlədən Özbəkistan) və əks istiqamətlər üzrə daşınır.

- Bəzi ölkələr iddia edir ki, Türkiyə ABŞ-ı, Çini və Rusiyanı sıxışdırmaq üçün türk birliyini yaradır. Türkiyənin Mərkəzi Asiya ölkələrinə təsiri Özbəkistanda necə qarşılanır? Sizcə, Türkiyə Orta Asiyada nə istəyir?

- Azərbaycan üçün uğurlu olan Qarabağ müharibəsinin növbəti mərhələsindən sonra Qafqazda Türkiyəyə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə etməyə imkan verən yeni geoiqtisadi reallıqlar yaranıb. Ona görə də, Türkiyə biznesi Orta Asiya bazarlarına çıxmaq üçün əlverişli vəziyyətdən maksimum yararlanmağa çalışır. Türkiyə diplomatiyasının fəaliyyəti Qazaxıstan, Özbəkistan və Türkmənistana münasibətdə fəallaşıb.


Özbəkistan Türkiyə Respublikası ilə hərbi əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. Daşkənd Ankara ilə ən mühüm hərbi məsələlərdə, o cümlədən hərbi təlim və təhsil, müdafiə sənayesi, kəşfiyyat fəaliyyətləri və digər sahələrdə əməkdaşlıq edəcək.
Son zamanlar Türkiyə tez-tez səs-küylü bəyanatlar verir:
• tezliklə bütün türkdilli ölkələrin vahid ordusunun yaradılmasına çağırır;
• Aİ tipində Birliyin yaradılması ideyasını irəli sürür;
• qardaşlarını “türk dünyası” qurmağa dəvət edir ki, neo-türkçülük ideoloqlarının fikrincə, bu birliyin adı Turan olmalıdır.

- Türkiyənin Özbəkistanda iqtisadi maraqları nədən ibarətdir? İllik dövriyyə nə qədərdir?
- 2020-ci ildə Özbəkistan və Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi 2,1 milyard dollar təşkil edib. Özbəkistanın Türkiyəyə ixracatı 1 milyard dollar, Türkiyədən idxalı isə 1,1 milyard dolları ötüb. Özbəkistan 591,2 milyon dollar məbləğində əlvan metallar, 206,1 milyon dollar məbləğində toxuculuq məhsulları, 78,3 milyon dollar məbləğində kimya məhsulları ixrac edib. Eyni zamanda, Türkiyədən 506,9 milyon dollarlıq maşın və avadanlıq, 291,5 milyon dollarlıq kimya məhsulları və 45 milyon dollarlıq qara metallar idxal edib.

Qlobal koronavirus pandemiyasına baxmayaraq, Türkiyə ilə Özbəkistan arasında ticarət 2021-ci ilin birinci yarısında 93% artaraq 1,5 milyard dollara çatıb. Ölkələrimiz bu tendensiyanı qorunub saxlamaqla yanaşı, ticarət dövriyyəsini 2023-cü ildə 5 milyard dollara çatdırmağı hədəfləyirlər.

İnşaat, enerji, mədən sənayesi kimi strateji sahələrdə Türkiyənin təcrübəsini Özbəkistana gətirən türk şirkətləri qısa müddətdə mühüm uğurlara imza atıblar. Bu, bir daha sübut edir ki, əməkdaşlıq əzmini saxlamaqla gələcəkdə bir çox uğurlara nail olmaq olar.


Türk şirkətlərinin Özbəkistan biznesinə yatırdıqları ümumi investisiya 1 milyard dollara yaxınlaşıb. Türkiyə Özbəkistanın ilk beş ticarət tərəfdaşı arasında yerini qoruyub saxlamaqda davam edir. Özbəkistanda Türkiyənin iştirak etdiyi şirkətlərin sayı 2000-ə yaxınlaşır.

Türk şirkətləri Özbəkistanda ilk üç xarici şirkət arasındadırlar. 2020-ci ildə və 2021-ci ilin birinci yarısında Özbəkistandakı türk şirkətləri xarici kapitallı yeni şirkətlər arasında liderlik edirlər. Biz bu uğurlarla fəxr edirik. Özbəkistanda ən nüfuzlu layihələr türk şirkətlərinin iştirakı ilə həyata keçirilir. İxrac və idxal olunan məhsulların çeşidi genişlənir. Müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf edir. Türk sahibkarlar Özbəkistanda etibarlı, nizam-intizamlı, bütün layihələri vaxtında başa çatdıran sağlam tərəfdaşlar kimi özlərini təsdiq ediblər. Türkiyə və Özbəkistan ticarət dövriyyəsini 5 milyard dollardan yuxarıya qaldıra bilərlər.

- Sizcə, Taliban hakimiyyətə gəldikdən sonra Mərkəzi Asiya regionunda hansı yeni iqtisadi tendensiyalar baş verir və ya verəcək?
- Bu gün Özbəkistan Əfqanıstanla birgə regional əhəmiyyətli iri ticarət, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinin ardıcıl davam etdirilməsini dəstəkləyir. 2016-cı ildən bəri Özbəkistan ilə Əfqanıstan arasında bütün səviyyələrdə sistematik siyasi dialoq aparılır və bu dialoq ən çətin dövrlərdə də kəsilmir. Taliban hökuməti ticarət-iqtisadi əlaqələrin inkişafına, birgə enerji, nəqliyyat-kommunikasiya və digər infrastruktur layihələrinin həyata keçirilməsinə sadiqliyini təsdiqləyib. Özbəkistan Əfqanıstanın təcrid olunmasının qarşısını almaq, ona humanitar yardımın göstərilməsini gücləndirmək zərurətindən çıxış edir. Özbəkistan zəruri ərzaq və sənaye mallarınının, neft məhsullarının tədarükü üçün Əfqanıstanla sərhədi açıb, elektrik enerjisinin fasiləsiz verilməsi davam edir.

Özbəkistan Əfqanıstan xalqına beynəlxalq yardımın sərbəst şəkildə göstərilməsini təmin etmək üçün Termezi humanitar yardımların göstərildiyi beynəlxalq mərkəzə çevirmək üçün səylər göstərir. Özbəkistan hesab edir ki, Əfqanıstana yalnız humanitar yardımların göstərilməsi onilliklər ərzində yığılmış problemləri həll etməyəcək. Bunun üçün aktivləri “dondurmaq” və beynəlxalq maliyyə institutları vasitəsilə Əfqanıstanda iri infrastruktur layihələrinin həyata keçirilməsini təşviq etmək lazımdır. Özbəkistan öz siyasətində Əfqanıstanın Mərkəzi Asiya ölkələri vasitəsilə dünya iqtisadi əlaqələrinə cəlb edilməsinə üstünlük verir.


Özbəkistan Əfqanıstanla qarşılıqlı əlaqələrin bərpası, o cümlədən irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi perspektivləri, beynəlxalq tərəfdaşların iştirakı ilə “Surxan – Puli-Xumri” elektrik verilişi xəttinin çəkilməsi, “Termez – Məzari-Şərif – Kabil – Pişəvər” dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Fars körfəzinin bəzi dövlətləri və Pakistan Trans-Əfqan Dəmir Yolu layihəsinin həyata keçirilməsinə yardım etməyə hazır olduqlarını bildiriblər.

Yeri gəlmişkən, 2021-ci il sentyabrın 27-də Termez şəhərində Bəlx vilayətinin qubernatoru və Surxandərya vilayəti hakiminin rəhbərliyi ilə Özbəkistan və Əfqanıstanın sərhəd orqanları nümayəndələrinin işgüzar görüşü baş tutub. Görüş Əfqanıstan tərəfinin müraciəti əsasında Əfqanıstana idxal olunan malların tranziti ilə bağlı məsələlərin həlli məqsədilə təşkil olunub. Söhbət ən zəruri mallardan - ərzaqdan, dərmanlardan, tibbi ləvazimatdan, geyimlərdən, yanacaq-sürtkü materiallarından gedir. Əfqanıstandakı ağır humanitar vəziyyətlə əlaqədar bu ölkəyə yüklərin tranziti və çatdırılması ilə bağlı problemlərin həllinə yönəlik bir sıra məsələlərin müzakirəsinə və tədbirlərin görülməsinə dair razılıq əldə olunub.

Əlamətdar hadisələrdən biri 2021-ci il oktyabrın 16-da Termezdə keçirilən ticarət-iqtisadi əlaqələrin inkişafına dair Özbəkistan-Əfqanıstan idarələrarası danışıqlarıdır. Ticarət, nəqliyyat, dəmir yolları, sosial məsələlər, sərhəd təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər sahələr üzrə mobil qrupların yaradılması nəzərdə tutulub. Qeyd edək ki, hazırda işgüzar səviyyədə görüşlər keçirilir və yığılıb qalmış problemlərin həlli qismən mümkündür.

Seymur Məmmədov
Nadir Qocabəyli

AzVision.az


Teqlər:





Xəbər lenti