Paşinyan erməni ruhanilərini alçaldıb

   Paşinyan erməni ruhanilərini alçaldıb
  30 May 2025    Oxunub:672
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan sosial şəbəkələrdəki səhifələrində Erməni Apostol Kilsəsinin (EAK) nümayəndələrinə qarşı bir neçə sərt və təhqiramiz bəyanatlar paylaşıblar.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan öz paylaşımlarında nalayiq ifadələr işlədərək, ruhanilərdən “ona toxunmamağı” və onu rahat buraxmağı tələb edib. O, həmçinin açıq şəkildə erməni yepiskoplarının subaylıq andına əməl etmələrinə sübhə ilə yanaşıb.

“Evli olmayan keşişin subaylıq andını pozduğu ortaya çıxanda nə baş verir? O, vəzifəsindən və rütbəsindən məhrum edilməlidir”, - Paşinyanın yazılarından birində deyilir.

Ermənistanın baş naziri Anna Akopyanla rəsmi nikahda olmaması ilə bağlı müzakirələri də şərh edib: “Bəziləri mənim rəsmi nikahda olmadığım üçün narahatdır. Bizim mənəvi elitamızın yarısı eyni mövqedədir, bəzilərinin isə bu, vecinə deyil”.

Öz səhifəsində ruhaniləri müxtəlif günahlar və yaramazlıqlar törətməkdə ittiham edən Anna Akopyan əri Nikol Paşinyanı dəstəkləyib.

Maraqlıdır ki, Ermənistan hökuməti baş nazirin sosial şəbəkələrdəki açıqlamalarını şərh etməkdən çəkinib. Paşinyanın və ya həyat yoldaşının hesablarının sındırılması ehtimalı barədə məlumat verilməyib. Hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan jurnalistlərin sorğularına cavab vermir.

Qeyd edək ki, Paşinyanla kilsə arasında münasibətlər son illər gərgin olaraq qalır. EAK-ın ali orqanı olan Eçmiədzin baş nazirin siyasətini kəskin tənqid edərək onu açıq şəkildə istefaya çağırması ilə qarşıdurmanı daha da kəskinləşdiri. Bunun cavabında Paşinyan dəfələrlə EAK üçün vergilərin tətbiqini müdafiə dəstəkləyib və ötən il kilsəni “xarici təsir agenti” adlandırıb.

Bir gün əvvəl isə Nikol Paşinyan hökumətin iclasında respublikada bütün kilsələrin “anbara çevrildiyini” və bütün lazımsız şeylərin kilsələrdə saxlandığını vurğulayaraq, erməni ruhaniliyini yalançılıqda ittiham edib.

- İnsan nə qədər yalançı ola bilər, müqəddəs şeylərdən danışa bilər, ateist ola bilər, müqəddəs şeyləri tapdalaya bilər?”, - Ermənistanın baş naziri təəccübünü gizlətməyib.

Yeri gəlmişkən, tarix boyu erməni daşnaklarının və erməniçilik ideoloqlarının təcavüzkar və məkrli siyasətinin məhz EAK tərəfindən formalaşdırıldığı və istiqamətləndirildiyi danılmaz faktlarla sübuta yetirilib. Bu baxımdan, hazırda Azərbaycana qarşı bu siyasəti davam etdrimək zorunda olmayan Nikol Paşinyanın erməni ruhaniliyi tərəfindən hədəfə götürülməsi heç də təəccüblü deyil.

Paşinyan isə, öz növbəsində, erməni ruhaniliyini növbəti dəfə ifşa edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Paşinyan   EAK   ifşa  





Xəbər lenti