Ərdoğanı qələbəyə aparan taktika

Ərdoğanı qələbəyə aparan taktika
  03 Aprel 2014    Oxunub:1527
Vüqar Zifəroğlu

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində ümumi nəticələrə əsasən AKP 45 faiz səs toplayaraq yenə birinci oldu. Ərdoğan 2002-ci ildən bu yana 8-ci seçkisini qalibiyyətlə başa vurdu. Lakin bu qalibiyyət bir sıra məqamları ilə yadda qalan oldu.

Seçkidən əvvəl müşahidə edilən qütbləşmə, seçki gecəsi nəticələr açıqlanarkən də özünü göstərdi. Bu hətta Türkiyənin iki aparıcı xəbər agentliyinin qarşıdurmasında da özünü biruzə etdi.

Əslində AKP-nin bu cür özünə inamlı şəkildə qələbə qazanmasının ciddi səbəbləri var. Bu səbəblər təkcə cəmiyyət və seçici ilə bağlı deyil, əlbəttə ki. Məsələ daha dərindən və geniş rakursda baxaraq təhlil etdiyimizdə, Türkiyənin daxilində gedən siyasi proseslərdə çox incə məqamlarla üzləşməli oluruq. Beləliklə, `AKP niyə qalib gəldi`, sualına öz baxışımızdan irəli gələrək cavab tapmağa çalışaq.

Son zamanlar Türkiyədə baş verən iki əsas məqam seçkilərdə AKP-nin qələbə qazanacağına inamsızlıq yaradırdı. “Gezi parkı olayları” və 17 dekabrla açıq müstəviyə daşınan Gülən-Ərdoğan qarşıdurması baş nazirin seçki zamanı istədiyi nəticəni əldə edə bilməyəcəyi təəsüratını formalaşdırırdı. Bundan əvvəl Atatürk və cümhuriyyət rəmzlərinə qarşı elan edilməmiş qeyri-rəsmi müharibənin sosial paylaşım alətlərinə (Twitter, Youtube) də yönəlməsi, İnternetə müəyyən qadağaların tətbiqi isə sanki qələbə şansını daha da azaltmış olurdu.

Lakin siyasi gedişatı dəyişən maraqlı və bəlkə də çoxlarının diqqətə almadığı məqam oldu. Ərdoğan Gülənlə qarşıdurmada faktik olaraq daxili parçalanma yaşayan partiyasını bir növ kənara itələdi. Belə bir rəy yarandı ki, sanki Ərdoğan hər şeydə özünü günahkar elan edərək, zərbələri təkbaşına qəbul etməyə hazırdır. Bu ilk növbədə daxili auditoriyaya hesablanmış çox uğurlu PR idi və sadə xalq da bunu uddu. Yəni Ərdoğan, cəmaətin AKP-dən çox şəxsən ona qarşı apardığı təbliğatı ustalıqla öz lehinə çevirməyi bacardı.

13 il bundan əvvəl qurulan koalisiyanın 2 əsas dayağından biri kimi, partiyaya qarşı təbliğat aparmağın özlərinə zərər verəcəyini hesablayan Cəmaət, bu səbəbdən tək Ərdoğanı hədəf kimi göstərməkdən savayı çıxış yolu taba bilməmişdilər. Amma “Günahkar AKP yox, Ərdoğandır” sloqanı, bumeranq effekti verdi.

AKP və Ərdoğana sadiq komanda öz liderinin müdafiəsinə qalxdı. Və yenə də daxili auditoriyaya hesablanmış uğurlu bir PR addımı atıldı: Bu dəfə dombıra ilə. Musiqinin sözlərinə fikir versək görərik ki, AKP faktik olaraq bələdiyyə seçkisinə Ərdoğanın adı ilə qatıldı. Yəni, “Ərdoğanı deyirdiniz? Buyurun, bu da o”! Ərdoğan da buna müvafiq olaraq 30 martı bələdiyyə seçkisi statusundan çıxardaraq, özü üçün, dolayısı ilə gələcəyi üçün “güvən səsverməsinə” çevirməyə müvəffəq oldu.

O, eyni zamanda Gülən cəmaəti ilə qarşıdurmanı Qərbin təzyiqi kimi təqdim etməyi də bacardı.

AKP adambaşına düşən gəlirin artmasından tutmuş, inflyasiya səviyyəsinin aşağı olması, yeni iş yerləri, iqtisadiyyatda müəyyən dinamik inkişaf kimi kartları qabartmaqla da qabağa düşə bildi. Adi insanlar üçün dəyişməz “Aş və iş” psixologiyasına yönəlik bu həmlə də öz effektini verməli idi. Türkiyədə hələ də yaxın keçmişdə bir neçə milyon lirəyə bir çörək aldıqlarını unutmayıblar.

Və nəhayət, dini mühafiəzkar kəsim faktoru da öz rolunu oynamış oldu. Burda bir incə məqamı vurğulamaq lazımdır. Türkiyədə böyük üstünlük təşkil edən dindar və ya ən azı özünü müsəlman hesab edən əhali arasında təriqətlərin böyük nüfuzu var. Hələ cümhuriyyətin ilk illərində Qazi Mustafa Kamal Paşa bu təriqətləri siyasi və ideoloji arenadan silməyə cəhd göstərsə də, tam olaraq bunu bacaramışdı. Təriqətlər hər zaman Cümhuriyyətin siyasi tarixində pərdəarxası qüvvə kimi bir iştirakçı olaraq qalmışdı. Və bu zaman cəmaətlə qarşıdurmaya gedən Ərdoğan və onun timsalında milli görüşçülər, ənənəvi müttəfiqlərinin dəstəyini tam qazana bildilər. Çünki təriqətlərin Gülənə və cəmaətə ABŞ və İsrail məsələlərinə yumuşaq mövqelərinə görə münasibətləri yaxşı deyil. Bir sözlə, təriqətlər Ərdoğanı müdafiə etdilər. Bu isə, böyük gücdür.

AKP seçkiqabağı dönəmdə xarici siyasətində də müəyyən korrektələr etdi. Diqqət edin: Türkiyə son dönəmdə Suriya məsələsində bir o qədər aktiv deyil. Krım problemi qalxdığı zaman isə, bütün gözlərin Türkiyədə olduğu bir vaxtda, rəsmi Ankaradan ümuyyətlə, reaksiya gəlmədi. Amma buna paralel olaraq, Ərdoğan Brüsseldə Avropa Birliyi ilə bağlı isti və yumuşaq mesajlar verdi. Bu da öz təsirini göstərməli idi, necə ki, göstərdi də...

Yuxarıda sadaladığımız səbəblər AKP və Ərdoğanla bağlı səbəblərdir. Lakin bütün mənzərəni göz önündə canlandırmaq üçün, Türkiyənin siyasi sistemi və ən əsası da müxalifəti ilə bağlı da səbəbləri sadalamağımız vacibdir.

Bu gün Türkiyə siyasi sistemibndə son dərəcə ciddi şəkildə sağ mərkəz problemi var! AKP iqtidara gələnə qədər olan onillikdə bu funksiyanı DYP və ANAP uğurla yerinə yetirirdi. Bu gün onlar yoxdurlar. Və Türkiyə siyasətində sağ mərkəzin qapısı qıfıllanıb. O qapını döymək istəyən seçici isə, alternativ kimi təbii olaraq iqtidar partiyasını görür.

Milliyətçi Hərəkat Partiyası ideoloji yönünə sağ mərkəzçi deyil və bu səbəbdən həmin elektoratı öz ətrafına yığmaqda çətinlik çəkir. Cümhuriyyət Xalq Partiyası təməl ideoloji prinsiplərinə görə sol mərkəzdir. AKP isə, iqtidara gəldiyi dönəmdə milli görüş ənənələrindən gəldiklərini etiraf etmələrinə rəğmən, sağ-mərkəzə doğru dəyişdiklərini, bu partiyanı da zatən o səbəblə qurduqlarını elan etmişdi.

Bəli, bütün bu illər ərzində partiyanın siyasi və ideoloji baxışının heç də sağ-mərkəzçi olmadığı, yəni dəyişmədikləri aydın oldu. Amma onların bu sözünü udmuş olan sağ-mərkəzə meyl edən seçici, hələ də alternativ görmədiyindən, AKP-nin qapısını döyməkdədir.

Müxalifətin seçkidə uğursuzluğunun başlıca adı CHP oldu. Məhz CHP gözlənilən ümidləri doğrultmadı. Təbii ki, bunun da öz səbəbləri var. Birinci səbəb ənənəvidir: CHP dindarlardan və kürdlərdən səs ala bilmir. Son seçkidə CHP faktik olaraq güney-doğudan tamamən sıxışdırılaraq çıxardıldı. Bunu Tuncelidəki nəticələr sübut etməkdədir. Dindar auditoriya isə, ənənəvi olaraq ideoloji baxış fəqrlərinə görə CHP-ni seçmirlər. O zaman başqa sual ortaya çıxır: Bəs böyük şəhərlərdə niyə səs yığa bilmədilər? Axı, ilk görüntüdə hər şey CHP-nin qələbəyə yaxın olduğunu göstərirdi...

İlk səbəb CHP-nin əslində xeyrinə yaranmış olan siyasi situasiyanı siyasi təbliğata çevirə bilməməsindədir. Məsələn, AKP-nin cəmaətlə qarşıdurmasını, qərbin təzyiqi kimi auditoriyaya təqdim etdiklərində CHP, bunun belə olmadığı üzərində dura bilərdi. Lakin onlar cəmaətin özü ilə qeuri-rəsmi siyasi koalisiyaya girmək yolunu seçdilər. Və əslində ən böyük səhvləri də bu oldu. Çünki təbliğat öz işini görməkdə idi: “CHP kənardan bizə təzyiq edənlərlə işbirlikçiliyi edir!”.

CHP-ni yanlış addıma sövq edən, cəmaətin elektoratının olması ilə bağlı təsəvvür idi. Amma ortaya çıxan mənzərə o oldu ki, kifayət qədər məmur və bürokrat potensialına malik olan cəmaət, əslində sadə xalq arasında ciddi gücə malik deyil. Əvəzində, istənilən sağ qüvvə ilə rəsmi və ya qeyri-rəsmi ittifaqı “imperializmə xidmət” kimi qəbul edən sol yönümlü seçici, CHP-dən üz çevirdi. Nəticə: İstanbul, Ankara və ən əsası da Antalya. Kılıçdaroğlu, sağla yaxınlaşmanı düzgün anlada bilmədi. O, bir siyasi lider olaraq öz gündəmini müəyyənləşdirmək yerinə, Ərdoğanın gündəmini izlədi.

Bu seçki eyni zamanda onu sübut etdi ki, böyük şəhərlərdə təbliğat aparmağa başı qarışan ana müxalifət partiyası, Anadoludan tam qopmuş bir durumdadır. Yozgat, Tokat, Çankırı, Kastamonuda olan səs nəticələri bunun ən bariz sübutudur. Lakin, MHP isə əksinə, Anadoluya doğru yürüməkdədir...

MHP bu seçkidə öz səslərini artırmağa və hətta gələcək üçün ümid vəd edəcək bir görüntü yaratmağı bacardı. CHP-Cəmaət koalisiyasının qaçırtdığı səslər, küçələrdən uzaq durmaq prinsipi ilə yanaşma MHP-nin səslərini artırmış oldu. Qazandığı 8 vilayətdən başqa, daha 29 vilayətdə ikinci olaraq seçkini başa vurmaq nisbi uğur kimi qiymətləndirilə bilər.

BDP isə güney-doğu vilayətlərində birinciliyini əldən vermir...


Nəticə

Seçki arxada qalsa da, nəticələri ilə bağlı müzakirələr hələ uzun müddət davam edəcək. Nəzərə alsaq ki, qarşıdan prezident və parlament seçkiləri gəlir, Türkiyənin siyasi gündəmində hələ yeniliklərin şahidi olacağıq. Məsələn, istisna deyil ki, İstanbulda mücadilə verən Sarıgülün CHP başqanlığına namizədliyi irəli sürülsün. Unutmayaq, Kılıçdaroğlu da nə zamansa İstanbuldan namizəd idi və o da ciddi mücadilə verməsinə rəğmən AKP-li rəqibinə uduzmuşdu.

Türkiyədə yeni sağ mərkəzçi partiyanın yaradılmaslının da şahidi ola bilərik. Bunu, yaxınlarda həbsdən azad edilən hərbçi «ergenekonçular» edə bilər. Zatən onların partiya yaratmaq fikrində olmaları ilə bağlı xəbərlər bir ara siyasi gündəmdə dolaşmaqda idi. Əslində belə bir addımın atılması, yeni və alternativ güc mərkəzinin ortaya çıxmasını təmin etməklə yanaşı eyni zamanda artıq illərdir davam edən «sağ-mərkəz» boşluğundan doğan problemi də həll edə bilər.

Ərdoğan isə, birmənalı şəkildə demək olar ki, bu qələbə ilə əlini daha da möhkəmləndirəcək. Artıq onun Cankaya köşkünə gedən yolu daha düz və hamardır. Hətta istisna etmək olmaz ki, prezident və parlament seçkisi bir yerdə keçirilsin. Hər halda, bütün bunların cavabını və nələr olacağını yaxın zamanlarda birlikdə görəcəyik.




Teqlər:  





Xəbər lenti