İqtisadçı deputatdan önəmli təkliflər

İqtisadçı deputatdan önəmli təkliflər
  03 Aprel 2014    Oxunub:1110
“Azərbaycanda sahibkarlığın inkişafı üçün vacib qanunlar qəbul edilib, bəzi qanunlara isə dəyişiklik edilib. Bunun nəticəsidir ki, iqtisadiyyatda özəl sektorun payı 80 faizdən çoxdur. İstənilən dövlət üçün kiçik və orta sahibkarlığın inkişafı önəmli məsələlərdən biridir. İlk növbədə, kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılmalıdır”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov hakim partiyanın saytına müsahibəsində bildirib.
Millət vəkilinin fikrincə, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində lazımi addımlar atılır.

“Eyni zamanda, dediyim kimi Sahibkarlığa Kömək Milli Fondu çox yaxşı işləyir. Fondun nümayəndələri yerlərə gedib iş adamları ilə işləyirlər, vəziyyəti öyrənirlər və lazımi sahələrə güzəştli kreditlər verirlər. Bu da ölkədə kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir edir. Bununla belə hesab edirəm ki, görüləsi işlər də var. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ölkədə artıb, amma onun satışında problemlər var. Yəni kəndlərdəki iş adamları bu baxımdan çətinliklər çəkirlər. Ona görə də, bu məsələ ilə bağlı araşdırmalar aparıb, müəyyən addımlar atılmalıdır. Ümumilikdə, Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun qəbul var ki, iş adamlarının hüquqları müdafiə edir. Qanun ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir”.

Deputat daha sonra Milli Məclisin üzvü olduğu İqtisadi siyasət komitəsinin fəaliyyətindən söz açıb. Bildirib ki, hazırda komitənin əsas işi Azərbaycanda gedən inkişafla laqədar olaraq müəyyən qanunlara lazımi dəyişikliklər etməkdir. Bu istiqamətdə də böyük işlər görülüb, qanunlar təkmilləşdirilib və indi həmin qanunlar müasir tələblərə cavab verir.
“Amma elə qanunlar da var ki, onlar bu gün qəbul olunmalıdır. Misal üçün bunlardan biri Rəqabət Məcəlləsidir. Rəqabət Məcəlləsi Milli Məclisə 2007-ci ildə təqdim edilib və artıq bu sənəd iki oxunuşda qəbul olunub. Hal hazırda qanun layihəsi üzərində İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, sənəd təkmilləşdirilir. Bu məcəllənin qəbulu iqtisadiyyatın inkişafı üçün, rəqabət qabiliyyətli məhsulların inkişafı üçün, azad rəqabətin təmin olunması üçün çox böyük əhəmiyyət kəsb edir. Məcəllə qəbul olunandan sonra iqtisadiyyatda daha geniş inkişaf müşahidə olunacaq.

Hesab edirəm ki, reklamla bağlı qanunvericiliyə də dəyişikliklər edilməlidir. Ölkəmizin inkişafı fonunda mövcud qanunvericilik günün tələblərinə cavab vermir. İndi artıq internet, elektron reklamlar var ki, bütün bunlar qanunvericilikdə əksini tapmalıdır. Artıq bu yöndə yeni layihə hazırdır və düşünürəm ki, sənəd bu ilin yaz, yaxud da payız sessiyasında qəbul oluna bilər”.

V.Əhmədovun fikrincə, ölkədə gəmiçiliyin inkişafını nəzərə alaraq bu sahə ilə bağlı da qanunun qəbul olunması gündəmə gəlib.
“Bilirsiniz ki, indiyə qədər bir dəniz limanı var idi. Hazırda yeni bir dəniz limanı da tikilir.

Dəniz limanları haqqında qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək. Qanun ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək və Azərbaycanın Xəzər dənizindəki statusunu daha da möhkəmləndirəcək. Yeni qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir. Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Artıq bu sənəd növbəti oxunuş üçün hazırlanır”.


Teqlər:  





Xəbər lenti