İrəvan “Zəngəzur dəhlizi”nə imkan verməsə, nə ola bilər – Ədalət Verdiyevin versiyası

   İrəvan “Zəngəzur dəhlizi”nə imkan verməsə, nə ola bilər –    Ədalət Verdiyevin versiyası
  22 Dekabr 2021    Oxunub:9359
Moskva Ermənistanı KTMT-nin cənub qanadı kimi himayə etməyə məcburdur. NATO ilə Ukrayna və Gürcüstana görə gərginləşən mühasibətlər bunun aktuallığını daha da artırır. Amma Moskva Paşinyanın 2000-ci illərdən Qərbə və NATO-ya inteqrasiya çağırışlarını, hakimiyyətə gəldikdən sonra isə bu ritorikasını davam etdirməsini nəzərə almaya bilməz. Eyni zamanda, Kreml üçün Ankara və Bakı ilə münasibətlər daha əhəmiyyətlidir. Əvvəllər Rusiyanın dominantlıq etdiyi, Qərbin demək olar, rol oynamadığı Cənibi Qafqazda və Orta Asiyada Türkiyənin artan nüfuzunu danmaq artıq mümkün deyil. Bunu Moskva da yaxşı anlayır.
Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli, ardınca isə sonuncuların ikitərəfli görüşü oldu. Bu, bəlkə də Kremlin istəmədiyi bir görüş idi. İlham Əliyev bu danışıqlardan qabaq NATO-nun baş katibi Yens Stoltenberqlə görüşmüşdü. Nədənsə çoxları Avropadakı görüşlərdə hadisələrın Ermənistanın xeyrinə cərəyan edəcəyini düşünürdü, lakin bunun tam əksi baş verdi. Qərb liderlərindən heç nə ATƏT, nə də “Qarabağın statusu” sözlərini dilinə gətirdi. Heç kim Azərbaycanın Qələbəsinin əleyhinə bir kəlmə də işlətmədi. Ümumiyyətlə, Paşinyanın Brüsseldən tam əliboş qayıtdığını demək mümükündür. Azərbaycan Prezidenti İlham Əliyev isə Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin bərabər hüquqlara malik olmasını şərt kimi irəli sürdü və Azərbaycanın hər iki sseanariyə tam hazır olduğunu bəyan etdi.

Azərbaycanın Naxçıvanla həm İran, həm Türkiyə, həm də Zəngəzur hava dəhlizi ilə əlaqəsi var və İrəvanın Mehridə gömrük-sərhəd nəzarətini həyata keçirmək niyyəti buna maneə yarada bilməz. Amma Ermənistanın bu addımlarına cavab olaraq, Azərbaycanın Laçın dəhlizində gömrük-sərhəd nəzarətini həyata keçirməsi həm İrəvanın Qarabağdakı ermənilərlə yeganə kommunikasiya imkanlarını məhdudlaşdıracaq, həm də rus sülhməramlılarının erməni silahlılarının fəaliyyətinə a göz yummasına son verəcək. Bir anlıq təsəvvür edin ki, 1-2 ay ərzində Ermənistandan Qarabağdakı silahlılara təchizat və təminat gəlmir. Texnikalar üçün ehtiyat hissələrin olmaması, servis üçün hərbi təyinatlı maşınların Ermənistana göndərilməməsi, əşya, ərzaq, YSM və s. çatdırılmamasının nə ilə nəticələnəcəyi indidən məlumdur. Bu, əslində polisə çevrilməyə çalışan Qarabağdakı erməni silahlılarının, başda Arayik, Vitali və ya Norayr olmaqla, ən qısa müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməsi üçün optimal variantdır.

Ermənistan Azərbaycanın Naxçıvanla dəhliz vasitəsilə maneəsiz əlaqə qurmasına əngəl törədərsə, Ordumuz noyabrın 16-dakı Qarakilsə variantını təkrarlaya bilər. Darmadağın edilmiş Ermənistan ordusu cənubdakı strateji yüksəklikləri bir neçə saat ərzində tərk edərək, geri çəkilmişdi. Nəticədə Ordumuz Ermənistanın çənub ərazilərini vizual müşahidə imkanı qazandı. Sərhədlər müəyyən edilmədiyinə görə ermənilərin növbəti təxribatı Ordumuza Qarakilsə istiqamətindəki əməliyyat rayonun dərinliyini Naxçıvan istiqamətində daha da artırmağa imkan verə bilər. Bu zaman artıq Azərbaycanın Naxçıvana deyil, İrəvanın Qafan, Gorus, Qarakilsə və Mehri ilə dəhliz məsələsi müzakirə ediləcək. Qərbi Zəngəzura aid rayonların da Qarabağ kimi Azərbaycana məxsus olması heç kimdə, o cümlədən Ermənistanın əsassız yerə güvəndiyi Avropada, NATO-da və Rusiyada şübhə doğurmur. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan dilində “tvitləməsinə” səbəb də İrəvanın ilə Qərbi Zəngəzurun əlaqəsinin kəsilməsindən keçirdiyi dərin narahatlıqdır.

Başqa sözlə desək, İrəvan Vətən Müharibəsi zamanı Qarabağ məsələsində meydanda tək qalmışdısa, müharibədən sonra da sərhəd və dəhliz məsələsində yalnız qalıb. “Zəiflərin və saxtakarların dostu olmur”, yaxud, “Yalançının sərhədləri əldən getdi, kimsə inanmadı” kimi yeni atalar məsəli Ermənistan üçün tam yerinə düşür.

İrəvanı narahat edən məsələlərdən biri Azərbaycana dəhliz verməklə İranla quru yol əlaqəsini itirməkdən, digəri isə rusların nəzarətində olacaq dəhliz barədə Kremlin gələcək planlarına şübhə ilə yanaşmaqdan ibarətdir. Ermənistanın İranla əlaqəsinin kəsilməsi İrəvan üçün 44 günlük müharibədəki məğlubiyyətlə müqayisə oluna biləcək geosiyasi fəlakətdir.

Rusiya KTMT-nin cənub qanadı olan Ermənistanı NATO-nun genişlənmə siyasətindən qorumaq üçün müəyyən qədər silahla təchiz etmək məcburiyyətindədir. Bu isə hələlik yalnız hava yolu ilə mümkündür. Rusiyanın nəqliyyat aviasiyasının mühərrik resursları son illərdə həm Suriyaya, həm Liviyaya, həm də Ermənistana intensiv daşımalar səbəbindən tükənmək üzrədir. Ukrayna isə Rusiyaya bu məsələdə güzəştə getmək fikrində deyil. Moskva Ermənistanı təchiz etmək üçün ağır xərclərə düşmək istəmir. Odur ki, Kreml dəhliz məsələsində Ermənistana təzyiqlərini Azərbaycan ilə birlikdə davam etdirəcək.

İrəvan dəhliz məsələsində inad göstərərsə, Rusiyanın Azərbaycan qoşunlarının Naxçıvana doğru irəliləməsinə mane olmayacağı ehtimal edilir. Nəzərə alsaq ki, Azərbaycan Ordusunun hazırkı mövqelərindən cəmi 30 km. məsafədə yerləşən Naxçıvan ərazisi adi gözlə müşahidə olunur, erməni ordusunun müqavimət potensialı isə kifayət qədər zəifdir, o zaman bu istiqamətdən dəhlizin açılması ordu korpusunun Laçın istiqamətindən əks hücumu ilə 2 günlük, Naxçıvandakı Əlahiddə Ordunun istifadəsi ilə 1 günlük döyüş vəzifəsidir. Bunu Paşinyanın komandası da, digərləri də yaxşı anlayırlar.


Nikolun Azərbaycanın guya Ermənistan ərazisinə müdaxilə etdiyinə dair qaldırdığı hay-küy heç bir effekt vermədi, buna kimsə baş qoşmadı. İrəvan bu şayiələri hüquqi cəhətdən aydın şəkildə əsaslandıra bilmədi, çünki Ermənistan 30 il işğalda saxladığı Azərbaycan ərazilərini itirəndən sonra iki ölkə arasındakı sərhəd xətti barədə danışmağa başlayıb. Axı Azərbaycanla sərhədlərin onillər ərzində delimitasiya edilməməsinə səbəb məhz erməni işğalı olub. İki ölkə arasında hamının tanıdığı dəqiq sərhəd xətti yoxdursa, kimsə müdaxilə faktını sübut edə bilməz.

Qarabağa gəlincə isə, dünyada heç bir ölkə, o cümlədən, Ermənistan özü də separatçı rejimin “müstəqilliyini” tanımadı. İndi bu məsələni yada salan yoxdur. Ermənistan sərhəd və dəhliz məsəsini uzadarsa, sonda işğalçı ölkə yalnız İrəvan və onun ətraf ərazlərindən ibarət ola bilər. Problemləri danışıqlar yolu ilə, amma qısa zamanda həll etmək daha asandır, çünki Azərbaycan əsgəri tərəfindən azad edilən ərazilərdən çəkilmək Bakının prinsiplərinə ziddir. Ən azından Ermənistanın 30 illik işğal dövründə bir addım da geri çəkilməməsi bu məsələdə Bakının mövqeyini bir qədər də gücləndirir.

Ermənistanın hazırda əsas problemi milli şüurun bir əsrdən artıq sürən radikal anti-Türkiyə və anti-Azərbaycan təbliğatının təsirilə deformasiya olunmasıdır. Bu vəziyyət Ermənistan rəhbərliyinin istəsə belə, Türkiyə və Azərbaycanla razılığına gəlməsinə mane olur. Paşinyanı və onun komandasının milli maraqları satmaqda ittiham edən daxili rusiyayönümlü müxalifətinin populyarlığının artması fonunda proseslərin ləngiməsi müşahidə olunur. İstənilən halda masada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalan 3 birgə Bəyanat mövcuddur. Ermənistanda iqtidarda kimin olmasından asılı olmayaraq, möcüzə baş verməyəcək. İrəvan sərhəd və dəhliz prosesini uzatdıqca daha çox itirir. Bunu 16 noyabr döyüşləri də göstərdi.

Moskva üçün bu vəziyyət ürəkaçan deyil. Rusiya Federasiyasının müttəfiqi olan, onillərlə silahla dəstəklədiyi Ermənistan ordusunun darmadağın edilməsi Kremlin Cənubi Qafqazda təsirinin zəifləməsi, Moskvanın strateji uğursuzluğu deməkdir. Rusiyanın Qafqazdakı əsas məqsədi hər zaman Türkiyənin nüfuzunun güclənməsinin qarşısını almaqdan ibarət olub. İndi isə Türkiyə hərbi, iqtisadi və geosiyasi müttəfiqi olan Azərbaycan ilə bərabər güclənir. Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa Bəyannaməsi” bunu aşkar nümayiş etdirir. “Bakı Bəyannaməsi” də Pakistanın Azərbaycan və Türkiyə ilə münaibətlərinin güzgüsüdür.

Bununla belə, Kreml baş verənlərdən özü üçün müəyyən dividendlər əldə etməyə çalışır. Birincisi, Rusiya Federasiyası Zəngəzur dəhlizində yerləşməyə ümid edir və buna nail də ola bilər. İkincisi, Moskva Türkiyə ilə tərəfdaşlığını davam etdirməkdə maraqlıdır, bununla Ankara ilə NATO arasında soyuqluq yarada bildiyini düşünür. ABŞ-la Rusiyanın qarşıdurma şəraitində olduqlarını nəzərə alsaq, Kreml bu məsələni böyük geosiyasi vəzifəsi hesab edir. Buna görə də Moskva üçün zəif və etibarsız Ermənistana görə dəfələrlə güclü Türkiyə-Azərbaycan-Pakistan bloku ilə qarşıdurmaya getmək ağıllı ideya ola bilməz.

Üstəlik Kreml “rəngli inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyana etibar edə bilmir. Hazırda regionda belə bir vəziyyət yaranıb: Kremlə Ermənistan vacibdir, amma Türkiyə və Azərbaycanla yaxşı münasibətlər ondan da vacibdir. Azərbaycan, Türkiyə və Rusiyaya regionda sabitlik lazımdır. Ermənistanın isə baş verən proseslərə təsir mexanizmi yoxdur. “Son divar” olan Avropa və NATO İrəvana sözünü deyib. Artıq dünyada kimsə 30 il işğal həyata keçirən Ermənistanın “məni Azərbaycanın işğalından azad edin” yalanlarına inanmır. Ən sonda, erməni əsgəri də insandır, o da ölməyə deyil, yaşamağa və nəfəs almağa adət edib. Bunun əksini sübut etməyə çalışanlar isə “Erablur” panteonundadırlar...

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Zəngəzur-dəhlizi  





Xəbər lenti