"Qarabağdakı qələbə təhsildə yeni mərhələnin açılışıdır" - Təhsil naziri

   "Qarabağdakı qələbə təhsildə yeni mərhələnin açılışıdır" -    Təhsil naziri
  24 Dekabr 2021    Oxunub:2146
Şuşada, Ağdamda, Cəbrayılda məktəb layihələndirilməsi işləri olduqca vacibdir.
AzVision.az xəbər verir ki, bunu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında "Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər" mövzusunda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Qarabağda qazanılan qələbə təhsildə yeni mərhələnin açılışı idi: “Zəfər Azərbaycanda azyaşlıların, gənclərinin, müəllimlərin, bütövlükdə hər birimizin milli düşüncə tərzində, gələcəyə inamında dönüş nöqtəsi oldu”.

Nazir əlavə edib ki, müstəqilliyin əvvəli ilə müqayisədə təxminən 3 dəfə qəbul sayı artıb: "Yenə də Azərbaycanda ali təhsilin əhatəliliyi azdır. Daha çox abituriyentin ali təhsil alması keyfiyyət faktorunu aşağı salmadan qarşıda duran hədəflərdən biridir. Bu mənada azad olunan ərazilərdə yeni universitetlərin tikilməsi iki hədəfə çatmağa qısa yol kimi görünə bilər. Bir tərəfdən həmin ərazilərdə universitetlərin açılması oraya gənc nəslin geri qayıtması və yaşaması, eyni zamanda ölkədə olan ali təhsillə əhatəlilik faizinin daha da artmasına səbəb ola bilər".

Nazir bildirib ki, Qarabağda icra olunan layihələr öz-özlüyündə elmi araşdırmalar, innovasiyalar tələb edir: "Bu tipli elmi tədqiqatların olması ali məktəblərin qarşısında yeni imkanlar açır. Çünki hər dəfə müzakirələrimizdə universitetlərdə elmin nisbətən zəif inkişaf etməsində elmi layihələrdə sifarişlərin az olması ilə əlaqələndiririk. İnandığım ondan ibarətdir ki, həmin ərazilərdə sadalanan layihələrin icrası və ya planlaşdırılması elmi tədqiqatlar üçün böyük sifarişdir. Bu sifarişləri düzgün nizamlasaq layihələrin səmərəli və keyfiyyətlilik əmsalı artmış olar. Qarabağın bərpası yəqin ki, növbəti 15-20 il üçün ölkə iqtisadiyyatı, təhsili və digər sahələrin ən böyük uğur hekayəsi olacaq. İşin icrasında dövlət başçısına can sağlığı arzu edirəm. Təhsil ictimaiyyəti oaraq bu uğur hekayəsinin bir hissəsi olmaqdan böyük qurur duyuruq".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qarabağ   Məktəb  





Xəbər lenti