Türkiyədə aralarında azərbaycanlı da olmaqla 770 nəfərin əmlakına həbs qoyulub

   Türkiyədə aralarında azərbaycanlı da olmaqla 770 nəfərin əmlakına həbs qoyulub
  24 Dekabr 2021    Oxunub:561
Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıblar.

Siyahıya FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu), PKK/KCK (Kürdüstan Fəhlə Partiyası/Kürdüstan İcmalar İttifaqı), habelə dini-ekstrimist və radikal solçu təşkilatların üzvləri daxil edilib.

Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nın hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, hazırda həbsdə olan keçmiş prokuror Zekeriya Öz, Tarık Toros və Abdülkerim Balcı da var.

“Əmlaka həbs qoyulması haqqında” qərara görə, FETÖ/PDY terror təşkilatının 454, PKK/KCK terror təşkilatının 108, dindən sui-istifadə edən terror təşkilatlarının 119, solçu terror təşkilatlarının 89 üzvünün, həmçinin 1 vəqfin (“Niaqara”) əmlakına həbs qoyulub.

Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ü.Məmmədova Azərbaycanın Qubadlı rayonunda anadan olub.
Ülkər Məmmədova 2015-ci ildə Türkiyənin paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən "İŞİD" üzvü Mustafa Dokumacının həyat yoldaşı olub. O, 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. Ü.Məmmədova "İŞİD"in “canlı bomba” siyahısında olub. Onun sözlərinə görə, M.Dokumacı 2020-ci ildə zərbə PUA-sı tərəfindən zərərsizləşdirilib.

Bundan başqa, atası ehtiyata buraxılan polkovnik olan Ülkər Məmmədova Azərbaycanda politologiya ixtisasına qəbul olsa da, baş örtüyü səbəbindən universitetə gedə bilməyib. Bu səbəbdən oxumaq üçün Türkiyəyə üz tutan qadın Konyanın Səlcuq Universitetinə qəbul olub. Burada o, feysbukda Mustafa Dokumacı ilə tanış olaraq onunla evlənib və "İŞİD"ə cəlb olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti