"Paşinyan Xankəndiyə gedə bilməz"- Erməni mediası

  "Paşinyan Xankəndiyə gedə bilməz"-   Erməni mediası
  24 Dekabr 2021    Oxunub:1227
Ermənistan mediası Azərbaycanın sülhməramlıların müvəqqəti nəzarəti altında olan Xankəndinə qanunsuz səfərlərə sərt reaksiya verməsinə dair məqalə dərc edib.
AzVision.az xəbər verir ki, məqalədə rəsmi Bakının işğaldan azad edilmiş ərazilərdə Fransadan olan siyasətçilərin peyda olmasına tutarlı cavab verməsi də yer alıb. Politoloq Vardan Balyan isə rusların azərbaycanlıların tapşırığı ilə erməni baş naziri Xankəndinə buraxmamasından gileylənib. “Moskva Bakının tələbi ilə Ermənistan rəhbərinin Qarabağa gedən yolunu kəsdi” başlıqlı məqalədə yazılıb:

Azərbaycan Fransaya nota verdi
"Təəssüf ki, Fransanın iki əsas prezidentliyə namizədinin Ermənistana səfəri bizim informasiya məkanında lazımi səviyyədə işıqlandırılmadı. Bu arada, Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olan Valeri Pekrezin dekabrın 22-də Qarabağa getməsi Bakıda ciddi narazılıq yaradıb. Fransa Respublikasının müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi etiraz notası alıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir-“Xanım Pekrezin hərəkətləri Fransanın regiondakı nüfuzuna, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Fransanın oynaya biləcəyi rola ciddi zərbə vurub”.



Beləliklə, Pekrezin Xankəndi səfəri Bakının sülhməramlı missiyasının fəaliyyətindən narazılığına da səbəb olub. Əldə etdiyimiz məlumata görə, Moskvadan belə səfərlərə bir daha şərait yaratmamaq tələb olunub. Ancaq burada başqa bir maraqlı epizod da var. Sən demə Bakı və Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa getməsinə icazə verməmək barədə razılığa gəliblər. Sual yaranır Pekrez Paşinyanın Xankəndi yolunu kəsən Rusiya keçid məntəqələrini necə keçə bilib? Və ən azı, belə bir qalmaqallı reallıq qarşısında susqunluq nümayiş etdirməyimiz çaşqınlıq yaradır. Moskvanın Bakının tələbi ilə Ermənistan rəhbərinin Xankəndinə gedən yolunu kəsməsi nə deməkdir?

Xatırladaq ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.

Azərbaycan XİN seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halı kimi qiymətləndirib.

Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. XİN qanunsuz səfər ilə bağlı Fransa səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.

"Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib"-XİN-in bəyanatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Nota   XİN   Xankəndi   Azərbaycan  



Xəbər lenti