"Nəqliyyat layihələrinin tezliklə işə salınması ilə bağlı dialoq aparılır" - Zaxarova

   "Nəqliyyat layihələrinin tezliklə işə salınması ilə bağlı dialoq aparılır" -    Zaxarova
  24 Dekabr 2021    Oxunub:1217
“Moskva Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə əldə olunmuş razılaşmalar çərçivəsində nəqliyyat layihələrinin mümkün qədər tez işə salınması ilə bağlı dialoq aparır”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Brüssel görüşündən sonra elan edilən təşəbbüslər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci ildə Soçidə əldə etdikləri üçtərəfli razılaşmanı inkişaf etdirir. Onların əsaslı müzakirəsi baş nazirlərin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup vasitəsilə davam etdirilir", - Zaxarova söyləyib.

Onun sözlərinə görə, bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin kompleks şəkildə blokdan çıxarılması məsələsi, o cümlədən regionda həm dəmir yolu, həm də avtomobil nəqliyyatının bərpası nəzərdə tutulur.

"Biz problemləri həll edirik, onların üzərində işləyirik. Münasib atmosferi yaratmaq və formalaşdırmaq çox vacibdir", - o bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mariya-Zaxarova  



Xəbər lenti