Ermənistanın 2021-i: "Bu il 2020-nin "layiqli" davamçısı oldu"

  Ermənistanın 2021-i:   "Bu il 2020-nin "layiqli" davamçısı oldu"
  25 Dekabr 2021    Oxunub:1113
Ermənistan mediası 2021-ci ilin yekunlarına dair məqalələr dərc edir. Diqqət çəkən yazılardan biri də "2021 2020-nin layiqli davamçısı" oldu başlıqlı məqalə olub.
AzVision.az xəbər verir ki, müəllif Ermənistanda hər ötən ilin əvvəlkindən daha da ağır keçməsindən gileylənib. Məqalədə qeyd edilir ki, 2021 ermənilər üçün yeni iqtisadi problemlər, siyasi xaos, qan-qadadan başqa heç nə vermədi.

Ermənisayağı istefa: Məmurlar niyə təzyiqlə üzləşir?
- İlin sonudur və hər kəs ötən 12 ayın hesabatını aparır. Bunu keçmiş prezidentlərdən tutmuş, hazırkı baş nazir və adi vətəndaşlara qədər hamı edir. Ötən həftə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan yekun nitqi ilə çıxış etdi və o partiyasının qurultayındakı 90 dəqiqəlik nitqində təkcə ötən ilin deyil, həm də əvvəlki üç ilin nəticələrinə yekun vurdu. Yeni nə isə deyildimi? Xeyr!

Dünən isə Nikol Paşinyan ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Robert Köçəryan da bazar ertəsi mətbuat konfransı təşkil edəcək. Hazırkı nazirlər və müxtəlif strukturların rəhbərləri ilə yekun vuracaqlar. İqtidar ekspertlər və müxalifət tərəfindən asanlıqla təkzib oluna biləcək bəzi uydurma rəqəmlər və faizlər dərc etməklə bu il ölkənin "şok uğur"lar qazanması görüntüsü yaratmağa çalışacaq. Əslində bunu da başa düşmək olar. Hakimiyyətdədirlər axı...

Müxalifətin qiymətləndirmələrində isə daha kədərli qeydlər və daha az nikbin vurğular nəzərə çarpır.

Amma media olaraq deyirik ki, təəssüf ki, biz 2021-ci ildə nə iqtisadi, nə siyasi, nə də mənəvi-psixoloji baxımdan uğur qazana bilmədik. 2021-ci il məğlubiyyət ili olan 2020-nin “layiqli” davamçısı oldu. Ən acınacaqlısı isə odur ki, itkilərimizdən və səhvlərimizdən dərs çıxarmadıq. Daha realist olmadıq və 2021-də qamətimizi düzəltməyə çalışmadıq. Bu isə cəmiyyətin yox, indiki hakimiyyətin günahıdır.

Nəticə etibarı ilə hakimiyyət orqanları, cəmiyyəti idarə edən və təşkilatlandıran, milləti yönləndirərək istiqamət verən, ortaya hədəflər qoyan, planlar hazırlayan insanları irəli çəkməlidir. Necə ki, bütün keçmiş itkilərimiz və uğursuzluqlarda günahkar olduqları kimi, yeni uğurların da memarları olmalıdırlar-,məqalədə yazılıb.

İlin yekunlarına dair yazılarda həmçinin xüsusi olaraq vurğulanır ki, sərhəddə yaranmış problemlər, xeyli sayda hərbçinin döyüş şəraitində itirilməsi, ölkə rəhbərliyinin dişsiz siyasəti də 2021-in yaralı xatirələrindən sayılacaq. Bundan başqa, sayı itirilmiş etiraz aksiyaları, Qarabağda tapılan və adi statistikaya çevrilən cəsəd qalıqları, itkin düşmüş hərbçilərin yaxınlarının süründürməçiliyə məruz qalması da ilin ağır mənzərəsini yaradıb. Artan siyasi həbslər, demokratiyada aşkar sezilən geriləmə, rekord sayda məmur istefası və işdən qovulması da 2021 üçün yadda qalan hadisələrdən oldu. Erməni jurnalistlər ölkə üçün yeganə normal sayıla biləcək pozitiv hadisəni isə erməni təmsilçisinin “Uşaq Avroviziyası – 2021”-də qalib gəlməsini göstəriblər. Bir də Azərbaycanda həbs edilmiş bir qrup erməni məhbusların geri qaytarılması az da olsa cəmiyyət üçün xoş xəbər sayılıb.

Qeyd edək ki, Ermənistanda 2021-ci ilin bu qədər uğursuz qiymətləndirilməsinə əsas səbəb İkinci Qarabağ müharibəsinin nəticəsidir. Azərbaycan ötən ilin sonlarında Vətən müharibəsində qələbə qazanmaqla İrəvanın işğalçılıq siyasətinə son qoydu. Bundan sonra isə erməni cəmiyyətində xaos, İrəvanda isə ağır iqtisadi-siyasi və hərbi böhran yaşandı. ​

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  



Xəbər lenti