`Azərsun Holdinq`dən iddiaya cavab

`Azərsun Holdinq`dən iddiaya cavab
  04 Aprel 2014    Oxunub:2087
"Azərsun Holdinq": Azərbaycanın çay bazarında ciddi rəqabət üçün tam şərait yaradılıb.
"Azərsun Holdinq" Rusiya Çay və Qəhvə İstehsalçıları Assosiasiyasının rəhbəri, gürcü əsilli Ramaz Çanturiyanın açıqlamasına münasibət bildirib. AzVision.az xəbər verir ki, holdinqdən Trend-ə verilən məlumata görə, R.Çanturiyanın Ukraynaya satılacaq çayların Azərbaycana ixracı ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq "Azərsun Holdinq"in rəsmisi Afiq Səfərov bildirib ki, bu gün Azərbaycanın çay bazarında ciddi rəqabət üçün tam şərait yaradılıb: "Ölkəmizdə istehlakçıların çaya olan tələbatının ödənilməsi üçün 150-dən artıq çay markası müxtəlif şirkətlər tərəfindən ölkəmizə gətirilir. Hər kəsə məlumdur ki, "Azərsun Holdinq" Azərbaycanda istehlakçıların keyfiyyətli çay məhsulları ilə təmin edilməsi və ümumilikdə ölkəmizdə çayçılığın inkişafı üçün çox mühüm addımlar atıb, böyük sərmayələr qoyub. Şirkətimizin dünyanın çay mərkəzi sayılan Şri-Lankada olan çay plantasiyaları və çay istehsal fabriki ilə yanaşı, Bakı, Lənkəran və Astarada da çay fabrikləri vardır. 1996-cı ildən şirkətimiz tərəfindən yerli fermerlərdə çayçılığa olan marağı artırmaq və çayçılığı inkişaf etdirmək məqsədilə dəstək layihələri həyata keçriməkdədir. Belə ki, Lənkəran-Astara bölgəsində yerli fermerlərə avanslar verilir, aqrar məsləhət xidməti göstərilir. Onların yetişdirdikləri yaşıl çay yarpağının qəbul qiymətləri dünya bazarından 60 faiz yuxarı qiymətə qəbul olunaraq yüksək keyfiyyətli məhsul istehsal edilir. Bu potensialın hesabına dünyada rəqabətə davamlı çay məhsulları məhz şirkətimiz tərəfindən istehlakçılara təklif olunur".

O, qeyd edib ki, artıq "Azərsun Holdinq"in istehsalı olan çay məhsulları postsovet ölkələri ilə yanaşı, Amerika və Avropaya da ixrac olunur: "Azərbaycan çayını dünyaya tanıdan çay markalarımız yüksək keyfiyyəti ilə Azərbaycan çayının şöhrətini uğurla təmsil edir. Sözügedən məqalədən görünür ki, şirkətimizin Azərbaycan çayını regionun lider markasına çevirməsi bəzilərini narahat edir. Zaman-zaman cənab Çanturiya və digərlərinin ölkəmizdə çay bazarında olan şərait barədə qeyri-dəqiq açıqlamalar verməsi onların yəqin ki, məlumatsızlığından irəli gəlir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və dostluq mühiti yaradılıb. Bu, dövlətlər arasında istər ticarət, istərsə də idxal-ixrac münasibətlərində özünü göstərir".

A.Səfərovun sözlərinə görə, təəssüf ki, postsovet ölkələrində yetişdirilən çayların keyfiyyəti Hindistan, Şri-lanka, Seylon və digər çaylarla rəqabətdə geri qalır: "Elə buna görə də Rusiya Çay və Qəhvə İstehsalçıları Assosiasiyasının təklif etdiyi çayların mütləq çoxluğu da Hindistan, Şri-lanka, Seylondan gətirilərək Rusiyada paketləşdirilir. Eyni prosesi Azərbaycanda həyata keçirən zavodumuz isə illərdir fəaliyyət göstərir və daha müasir avadanlıqlarla təchiz olunub".


Teqlər:





Xəbər lenti