Naftalan və Yesentuki qardaşlaşdı

Naftalan və Yesentuki qardaşlaşdı
  04 Aprel 2014    Oxunub:1671
Şahin Mustafayev: Son illər Rusiya tərəfindən Azərbaycanda əsas kapitala 630 milyon dollara yaxın investisiya yatırılıb.
Rusiya Federasiyasının Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərin ilk günü Rusiya nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Rusiyalı qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Aprelin 3-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu və dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini, görülmüş işlərin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. İki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dolları, qeyri-neft sektoruna isə 168,9 mln. ABŞ dolları investisiya yatırılıb. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə 995,5 mln. ABŞ dolları təşkil edib. Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafında indiyədək 13 iclası keçirilmiş hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir.

Ş.Mustafayev Azərbaycanın Rusiyanın federal subyektləri ilə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Azərbaycan və Rusiya arasında keçirilən ənənəvi regionlararası forumlar ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə, o cümlədən Stavropol diyarı ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Stavropol diyarı ilə isə 60%-ə yaxın artıb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və Azərbaycan qonşu Rusiya, o cümlədən Rusiya Federasiyasının Stavropol diyarı ilə əlaqələrin genişlənməsində maraqlıdır.

Nazir Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib.

Stavropol diyarı hökumətinin sədr müavini A.Murqa hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. O, Azərbaycanın Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi məqsədilə birgə biznes forum, sərgi və digər tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda Azərbaycanın Naftalan şəhərinin İcra Hakimiyyəti və Rusiya Federasiyası Yesentuki şəhərinin Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma haqqında saziş imzalanıb.

Həmin gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, turizm və s. sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib. Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə fəal əməkdaşlıq edir. Son 4 ildə Rusiyanın subyektləri ilə 16 biznes forum, işgüzar görüş və sərgi keçirilib. İqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır və Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

S.Babayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də forum iştirakçılarına məlumat verib.

Rusiya Federasiyasının Stavropol diyarının hökumət sədrinin müavini A.Murqa Rusiya Federasiyasının digər subyektləri kimi, Stavropol diyarının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Stavropol diyarının iqtisadi inkişaf naziri Yuri Kosırevoy isə ölkəsinin iqtisadiyyatına dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası arasında, Azərbaycan Turizm Assosiasiyası və Stavropolun "Kurortlar Birliyi" Holdinqi arasında, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyasının "Profkurort" Sanatoriya-Kurort Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbir çərçivəsində Azərbaycan və Stavropol diyarı barədə videoçarxlar nümayiş olunub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.


Teqlər:  





Xəbər lenti