Yersiz erməni sevinci, yaxud “Buran”haqqında acı reallıq – FOTOLAR

      Yersiz erməni sevinci,    yaxud “Buran”haqqında acı reallıq –    FOTOLAR
  27 Dekabr 2021    Oxunub:7294
Ermənistanda Rusiyanın 1993-cü idən fəaliyyət göstərən və şəxsi avtovasitələrin, əsasən də premium seqmentə aid modellərin zirehləndirilməsi ilə məşqul olan RIDA şirkətinin “Buran” APC5 (Armored Personnel Carrier) transportyoru qeydə alınıb. Zirehli avtomobilin görüntülərini öncə sosial şəbəkələrin erməni seqmentində yayılsa da, "Militarist" qrupunun paylaşımında onun Ermənistana sınaqlara göndərildiyini iddia edən fotoşəkillər paylaşılıb.
“Buran” layihəsi "Нижегородское авиационное общество" tərəfindən hələ 2017-ci ildə təqdim edilməyinə, sonralar bir neçə real və prototip form-faktor (Buran CC/Cargo/APC5/APC6/APC10/ASV/AMEV/Bus) və versiyada müxtəlif ekspolarda (ARMY, MILEX və s.) sərgilənsə də, bu günə qədər real alıcısını tapmayıb.

İstehsalçı iddia edir ki, STANAG 2 / 6А uyğun zirehlənməyə malik avtomobil şəxsi heyəti 7.62x54R kalibrli güllədən, 600 q trotil ekvivalentinə malik partlayıcı qurğulardan və piyada əlehinə minadan qoruya bilir. Amma onun geniş V-tipli alt qismi hələ minalardan müdafiə imkanına malik olduğu anlamına gəlmir: çünki "aldadıcı" metal karkas sadəcə yanacaq çəni və bir sıra platforma mexanizmlərinin müdafiəsi üçün nəzərdə tutulub.


Belarusda bu yüngülzirehli avtomobilin bazasında “Асилак” (Pəhləvan) adlı şəxsi heyət transportyoru və 80 mm.-lik “Флейта” reaktiv yaylım atəşi sistemi yığılsa da, hələlik müştərilərini tapmayıb.

İndi isə ən maraqlı aspekt – “Buran”ın platforma aqreqatları, aparıcı körpülər və hətta “ЯМЗ-534” tipli güc aqreqatı... QAZ avtomobilləri sırasından, yəni Yaroslavl mühərrikli "Sadko"dan mənimsənilib. Bu, onun maya dəyərində pozitiv əks olunsa da, keyfiyyət etibarilə əsl antireklamına çevrilib. Çünki "Sadko"nun adi, zirehsiz versiyası belə texniki cəhətdən olduğca etibarsız sayılır. Onun orduda istismarı isə tamamilə başqa mövzudur.

Buna baxmayaraq, erməni sosial şəbəkələrinin istifadəçilərinin sevincinin həddi-hüdudu yoxdur. Onlar hesab edirlər ki, yaxın günlərdə Ermənistanın silahlı qüvvələrinin arsenalına əsl MRAP – yəni minalardan və pusqudan qorunan zirehli avtovasitələr daxil olunacaq.


Görünən odur ki, noyabrın 15-dən vəzifəsini icra edən yeni müdafiə naziri Suren Papikyan ordu üçün texnikanı göstəricilərinə görə deyil, ucuz qiyməti və zahiri görünüşünə görə almaq niyyətindədir. Yaxud, Nikol Paşınyan kimi islahat imitasiyası oyunu ilə vaxt uzadır.

Xatırlatmaq lazımdır ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ordumuz üçün istehsal olunan “Matador” və “Marauder” MRAP-ları NATO-nun STANAG 4569 Level III qorunma səviyyəsinə uyğundur və 44 günlük müharibədə özünü ən yaxşı tərəfdən göstərib. Matador/Marauder ailəsini “Buran” APC5 ilə müqaisə etmək üçün, “Mercedes-Maybach S 500” ilə “VAZ 2107” analogiyasını təsəvvürünüzə gətirsəniz, yetər...

Hans Kloss
AzVision.az



Teqlər: Buran  





Xəbər lenti