“Rusiya ilə eyni formatda olmaq Gürcüstanın prinsiplərinə ziddir” - Gela Vasadze

   “Rusiya ilə eyni formatda olmaq Gürcüstanın prinsiplərinə ziddir” -    Gela Vasadze
  29 Dekabr 2021    Oxunub:3399
“İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi multimodaldır və onun ciddi yüklənməsindən yalnız İranın Rəşt-Astara hissəsində dəmir yolunun çəkilməsindən sonra danışmaq olar. Cənub-Şərqi Asiyada sənaye istehsalının inkişaf dinamikasını nəzərə alsaq, bu dəhlizin ciddi perspektivləri var. Ümumiyyətlə, marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır”.
Bu sözləri AzVision.az -a açıqlamasında gürcüstanlı politoloq Gela Vasadze deyib.

- Azərbaycanla Gürcüstan arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının imzalanmasını necə qiymətləndirirsiniz?
- Bu format çoxdan mövcuddur. Onun əsas vəzifəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçərək hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən neft-qaz və logistika infrastrukturunun təhlükəsizliyini təmin etməkdir. Təəssüf ki, planın təfərrüatları məlum deyil, lakin bu istiqamətdə işlərin getməsi təbii və düzgündür.

- Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Gürcüstanın “3+3” formatına (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) qoşulması üçün qapı həmişə açıqdır. Gürcüstanın bu formata qoşulması mümkündürmü?
- Gürcüstanda konsensus var ki, işğal olunmuş ərazilərlə bağlı danışıqların Rusiya Federasiyasının iştirakı ilə aparılması bu ölkənin prinsiplərinə ziddir. Cenevrə formatı və sırf iqtisadi məsələlərin həll olunduğu Karasin-Abaşidze formatı istisna olmaqla, hər hansı digər formatlar ölkənin milli maraqlarına uyğun deyil. Bizim 3+2 formatında iştirak edən bütün ölkələrlə işgüzar münasibətlərimiz var, ona görə də bütün məsələləri bu münasibətlər çərçivəsində həll etmək olar.

AzVision.az


Teqlər: Gürcüstan   3+3   Dəhliz   İran  





Xəbər lenti