Ayvazyan rusiyalı milyarderlə birgə aktiv siyasətə qayıdır

Ayvazyan rusiyalı milyarderlə birgə aktiv siyasətə qayıdır
  30 Dekabr 2021    Oxunub:736
Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan və onun iki keçmiş müavini Artak Apitonyanla Qaqik Qalaçyan yenidən aktiv siyasətə qayıdırlar. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, onlar bu yaxınlarda ölkənin siyasi həyatına qatılmaqla bağlı planlarını açıqlayan “Ameriabank”ın təsisçisi, iş adamı Ruben Vardanyanla əməkdaşlığa başlayıblar. Ölkənin nüfuzlu "Hraparak" qəzetində dərc edilən məqalədə bir sıra maraqlı nüanslar da qeyd edilib. Sən demə keçmiş yüksək rütbəli diplomatlar artıq Vardanyanın yanında işləyirlər, o, hətta “Həyat naminə ölkə” partiyasına sponsorluq da edir. Ayvazyanın özü qəzet müxbiri ilə söhbətində belə bir faktı təsdiqləməsə də, iri biznesmenlə əməkdaşlıq barədə məlumatı təkzib etməyib.

- O, bir çox siyasətçi ilə, o cümlədən Vardanyanla üç gün əvvəl danışıb. Biznesmenin yanında işə başlamaq üçün onun yanına getməsinin doğru olub-olmadığını soruşduqda eks-nazir belə cavab verib: “Belə bir şey olsa, o zaman xəbər tutacaqsan”. Eyni zamanda sabiq nazir qeyd edib ki, onun bank sistemi ilə heç bir əlaqəsi yoxdur. Böyük siyasətdə iştirakının və “Həyat naminə ölkə” partiyasına üzvlüyünün mümkün olub-olmaması ilə bağlı suala isə o, birbaşa cavabdan yayınıb, bir daha qeyd edib ki, Vardanyanla vaxtaşırı görüşüb ünsiyyətdə olur. Keçmiş müavinlərinə gəlincə, Ayvazyan bu məsələ ilə bağlı sualları onların özünə verməyi məsləhət görüb.

Qeyd edək ki, tanınmış rusiyalı biznesmen və xeyriyyəçi Ruben Vardanyan oktyabrda Ermənistanın İctimai Televiziyasına müsahibə verərkən aktiv siyasətə qatılmaq qərarına gəldiyini, lakin respublikanın baş naziri və ya prezidenti postuna iddialı olmadığını bildirmişdi.

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də Ermənistanın xarici işlər naziri vəzifəsindən istefa verib. Bu, baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhəd məsələləri barədə yeni situasiyanı, planı elan etdikdən sonra baş verdi. Ayvazyandan sonra onun müavinləri - Qaqik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan da öz postlarından getdilər. Sonuncunun istefası isə qəbul edilməyib, o, müvəqqəti olaraq Ayvazyanı əvəzləyib. Ayvazyan həm də Azərbaycana qarşı barışmaz siyasəti ilə seçilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti