Paşinyanın Rusiyanın hansı silahına “42 milyonluq metal yığını” demişdi? – ARAŞDIRMA

   Paşinyanın Rusiyanın hansı silahına “42 milyonluq metal yığını” demişdi? –    ARAŞDIRMA
  30 Dekabr 2021    Oxunub:7450
Hər bir istehsalçı ölkə hazırladığı məhsul ilə əvvəlcə Silahlı Qüvvələrini, sonra müttəfiqlərini və tərəfdaşlarını təchiz etməlidir. Bunun üçün ən vacib məsələlərdən bir silahların döyüşlərdə tətbiqinə aid faktlardır. Rusiya hazırda Serbiyaya radioelektron mübarizə vasitələri satmaq niyyətindədir. Bu ilin əvvəlində “Krasuxa-4” elektron müharibə sisteminin Serbiyaya tədarükü üçün müqavilə imzalanmışdı. İndi isə Serbiyanın dövlət başçısı Rusiyadan “Repellent” almaq niyyətini açıqlayıb.
İstehsalçı bu REM vasitəsinin güclü elektron müdaxilə yaratmaqla və ya peyk naviqasiya kanallarını bloklamaqla 30 km.-ə qədər məsafədə PUA-ları və onların sürülərini avtomatik aşkar edərək, zərərsizləşdirmək üçün nəzərdə tutulduğunu iddia edir.
REM kompleksi stasionar formada və ya şassiyə, məsələn, MAZ-6317 və ya KamAZ-63501 avtomobilinə yerləşdirilə bilər. Son versiyası olan “Repellent Patrol” kompleksi UAZ “Patriot” ərazi maşınının üzərində quraşdırılıb. Bu, kompleksə əlavə hərəkət qabiliyyəti versə də, texniki avadanlıqların daha kiçik ölçüləri səbəbindən pilotsuz vasitələrin basdırılması məsafəsini 20 km.-ə qədər azaldır.

Serbiyanın “Tanqo Six” nəşri Qarabağ müharibəsi zamanı erməni tərəfinin “Repellent”dən fəal şəkildə istifadə etdiyini yazsa da, Rusiyanın müdafiə sənayesinə yaxın olan mənbələr bu məlumatı şübhə altına alırlar. “Tanqo Şix” nəşrindəki məqalənin müəllifi Azərbaycan tərəfinin məlumatına istinad edərək, bir (və ya iki) zədələnmiş “Repellent” döyüş radiotexniki sisteminin olduğunu və bir neçə fotoşəkil təqdim edib.


Azərbaycan Prezidenti İ.Əliyev və media resurslarımız Qarabağ Müharibəsində düşmənin 4 ədəd adı çəkilən REM vasitəsini məhv etməsini desə də, bu məlumat bir çox mənbələrdə, o cümlədən, “Tanqo Şix” nəşrində təhrif olunur. Bu isə bizim tərəfimizdən verilən bəyanatların, yazılan analizlərin xarici dillərdə tərcüməsində hələ də boşluqların mövcudluğunu göstərir. Belə olmasaydı, Serbiya nəşri məhv edilən 4 ədəd REM vasitəsini bir (və ya iki) zədələnmiş maşın kimi göstərməzdi.

Rusiya mətbuatı isə Ermənistan qoşunlarının Qarabağda Azərbaycana qarşı müharibə zamanı “Repellent”dən istifadəsini “rəsmi təsdiqi olmayan məlumat” kimi tirajlayır. Halbuki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən il oktyabrın 9-da xalqa müraciəti zamanı Ordumuz tərəfindən Ermənistana aid 4 ədəd “Repellent” radiotexniki vasitəsinin məhv edidiyini açıqlamışdı. Bütün bunlara baxmayaraq, səsimiz nə Rusiyaya, nə də Serbiyaya çatdıra bilmişik.


Müharibə başa çatandan xeyli sonra təklif etmişdim ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərə aid məqalələrin xarici dillərə tərcüməsinə üstünlük verməliyik, düşmənin “Hərbi Qənimətlər Parkı”nda yer almayan müasir vasitələrinin, o cümlədən, “Repellent” kompleksinin orda sərgilənməsini təmin etməliyik…

Kimin kimdən hansı silahı alması bizim üçün maraqlı olsa da, bu proseslərə müdaxilə etmək məqsədimiz yoxdur. Bizə maraqlı olan budur ki, Vətən Müharibəsi zamanı Silahlı Qüvvələrimizin real döyüş potensialına kimsə şubhə ilə yanaşmasın, əldə etdiyimiz uğurları kiçiltməyə çalışmasın, baş verənləri olduğu kimi şərh etsinlər. Qalibə qalib, məğluba məğlub deyilməlidir.

Əgər “Repellent” həqiqətən də idda edilən kimi, uzaq məsafədən PUA-ların idarəetmə kanallarını ələ keçirməyə, onun iş rejimini pozmağa və məhvinə səbəb olacaq imkanlara malik idisə, o zaman aşağıdakı suallar yaranır:
1. Niyə Azərbaycan təmassız müharibədə “Repellent” kompıekslərinə malik Ermənistana qalib gəldi?
2. Azərbaycanın PUA parkı niyə tükənmədi?
3. Döyüş meydanında nəyə görə Azərbaycan PUA-ları deyil, onları məhv etmək üçün nəzərdə tutulan 4 ədəd “Repellent”in közərən korpusları qaldı?
4. Niyə ictimaiyyətə “PUA övçusu” kimi təqdim edilən Ermənistanın REM vasitəsinin özü Vətən Müharibəsi zamanı Azərbaycanın pilotsuz zərbə vasitələrinin “yeminə” çevrildi?
5. Əgər “Repellent” Vətən Müharibəsində səmərəli olmuşdusa, o zaman niyə bu Müharibə dünya hərb tarixində “PUA-ların ən geniş basdırılması” adı ilə deyil, “PUA-ların ən geniş tətbiqi” adı ilə düşdü?


Bəziləri bu suallara “Ermənistan həmin vasitələri yeni almışdı, 3 nəfərlik heyətin hazırlığı üçün vaxt çatışmazlığı var idi, heyət peşəkar deyildi” kimi cavabların ola biləcəyini düşünürsə, bəri başdan deyək ki, həmin komplekslər işğalçı ölkəyə 2017-ci ildə çatdırılıb. İlk dəfə bu komplekslərin rəqib ölkədə mövcudluğu barədə məlumat 29-31 mart 2018-ci il tarixində İrəvanda keçirilən ikinci “ArmHiTec-2018” Beynəlxalq Silah və Müdafiə Texnologiyaları Sərgisində məlum olub.
“Reppelent” REM kompleksini hazırlayan Elmi-Texniki Mərkəzə 2008-ci ildən erməni əsilli Aleksandr Pavloviç Sarkisyan rəhbərlik edir.

2016-cı ildə Azərbaycan PUA-larının fəaliyyətləri nəticəsində ciddi itkilər verən Ermənistan rəhbərliyinə 42 milyon dollara alınan bu komplekslərin “Azərbaycan PUA-larına qarşı effektiv vasitə” kimi təqdim edildiyi məlumdur. Ermənistanın baş naziri N.Paşinyan Vətən Müharibəsinin bitməsindən az sonra çıxışlarının birində hansısa rus silahına xitabən “42 milyonluq metal yığını” ifadəsini işlətmişdi. Bu cümlənin hansı silaha aid olduğunu çox axtarsam da tapa bilməmişdim. Böyük ehtimalla, baş nazir məhz eyni qiymətə əvvəlki hakimiyyət tərəfindən alınan “Repellent” kompleksini nəzərdə tuturdu.


Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz aviasiyası Vətən Müharibəsinin ilk günlərində düşmənin HHM və REM komplekslərini sıradan çıxarmaqla havada üstünlüyü əldə etdilər. Bu isə pilotlu aviasiyanın yerüstü əməliyyatları rahat şəkildə dəstəkləməsi üçün şərait yaratdı. Ordumuz sözügedən REM komplekslərindən 4 ədədini sıradan çıxarmaqla “Repellent”in peyk kanallarını basdırmaq imkanı barədə istehsalçının verdiyi vədlərin tamamilə əsassız olduğunu sübut etdi.


Hər bir istehsalçı öz məhsulunu reklam etmək hüququna malikdir, lakin bu reklam reallığa yaxın olmalıdır. Silahların döyüş tətbiqinə aid faktlar saxtalaşdırılmalı deyil. Bunun qarşısını almaq üçün məhv edilən “Repellent”lərdən birini “Hərbi Qənimətlər Parkı”nda yerləşdirməli, yaxınlığında isə kompleksin özü və digər məhv edilənlərin sayı barədə məlumatlar əks olunan lövhə quraşdırmalıyıq. Bütün ölkələrdən, o cümlədən Serbiya və Rusiyadan olan mütəxəssislərin, hərbi mövzuda yazan jurnalistlərin ölkəmizə yolu düşəndə onları “Hərbi Qənimətlər Parkı”na gəzintiyə dəvət etməliyik. Bəlkə bu, bəzilərinin gözünü açmağa kömək etdi...

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün

Müəllifin digər yazıları:
İrəvan “Zəngəzur dəhlizi”nə imkan verməsə, nə ola bilər
LAHAT: Vətən Müharibəmizin tanımadığınız “səma ovçusu” – ARAŞDIRMA
Ermənistanla delimitasiya və demarkasiya necə aparılacaq – Qaydalar
“Ağ yarasa”ların hücumu – ARAŞDIRMA


Teqlər: Repellent  





Xəbər lenti