2022: Regionu nələr gözləyir – Proqnozlar

      2022:    Regionu nələr gözləyir –    Proqnozlar
  03 Yanvar 2022    Oxunub:4151
Rusiyalı politoloq, Müasir Dövlətin İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov AzVision.az -a müsahibəsində 2022-ci illə bağlı proqnozlarını bölüşüb.
Risklər çoxdur, istiqamətləri də müxtəlifdir. Bəli, qlobal iqtisadi canlanma başladı və biz gördük ki, 2022-ci il bu baxımdan gözləyir, hələ ki özünü pozitiv göstərir, lakin üfüqdə “qara qu quşları” görünür. COVID-19 ilə bağlı oyunlar iqtisadiyyatı yenidən çökdürə, qapanma dalğası başlaya, qlobal iqtisadiyyatda problemlər, Çində qeyri-sabit vəziyyət yarana bilər. Bir sıra iqtisadçılar 2022-ci ildə Çinin iqtisadi artımının azalacağını proqnozlaşdırırlar. Çin üçün 5 faizdən az iqtisadi artım artıq kritik vəziyyətdir. Əgər belədirsə, o zaman böyük qlobal sarsıntılar enerji qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.

Bu, Azərbaycan iqtisadiyyatı üçün ciddi siqnaldır. Yəni dünya iqtisadiyyatının qeyri-sabitliyi özünü sizin də iqtisadi durumunuzun ağırlaşmasında göstərə bilər. Bu, qlobal miqyasdadır. Regional miqyasda da hər şey birmənalı deyil. Sərhədlərə baxsanız, ən sakit sərhəd Azərbaycanla Rusiya arasındadır. 2022-ci ildə burada hər şeyin yaxşı olacağı gözlənilir. Nəqliyyat dəhlizləri üçün yeni imkanlardan, iqtisadi əməkdaşlıqdan danışsaq, yalnız genişlənmə və təkmilləşmə olacaq.



İran

İran yeni nüvə sazişi üzrə danışıqlardan praktiki olaraq geri çəkilib. Tehranın nüvə proqramının nəyin bahasına olursa-olsun dayandırılması haqda ABŞ və İsrail arasında aktiv danışıqların getdiyini heç kəs gizlətmir. Əgər İrana qarşı adi silahlardan istifadə olunmaqla aktiv müharibə oyunu başlasa, Azərbaycanın cənub sərhədində çox ciddi gərginlik olacaq. Təl-Əviv və Vaşinqton qərara gəlsələr ki, İranı yalnız hərbi yolla dayandırmaq olar, bu, İranın bütün qonşuları, o cümlədən Azərbaycan üçün böyük problem yarada bilər. Bu, 2022-ci ilin təqvimində ən ciddi problemdir.

Türkiyə

Türkiyədə inflyasiyanın artdığını, lirənin məzənnəsinin aşağı düşdüyünü görürük, ilin sonuna qədər bir dollar təxminən 20 lirəyə yaxınlaşa bilər. Lirənin hər il təxminən 3 dəfə ucuzlaşması iqtisadiyyata çox ciddi zərbədir. Biz artıq böyük şəhərlərdə prezident Ərdoğana qarşı kütləvi nümayişlərin təşkil olunduğunu görmüşük, odur ki, lirənin daha da aşağı düşməsi böyük problem olacaq. Qeyri-sabit Türkiyə bütün regiona, həmçinin Azərbaycana ciddi təsir edəcək. Ərdoğan tab gətirə biləcək, ya yox, bunu zaman göstərəcək. O, çox güclü liderdir və uğur qazanması mümkündür.

Ermənistan

Ermənistanla bağlı vəziyyət xeyli dərəcədə qeyri-sabitdir. Hələ ki Paşinyan Ermənistanda hamını qane edir, lakin bu, uçurum kənarında dayanıb, tarazlığı qorumaqdır. Təəssüf ki, Ermənistan cəmiyyətində revanşist qüvvələr kifayət qədər güclüdür və yaxşı təşkilatlanıblar. Odur ki, bu amili nəzərdən qaçırmaq olmaz.

Gürcüstan

Gürcüstanda az-çox sakitlik hökm sürür. Amma 2021-ci ildə keçirilən seçkilər göstərdi ki, müxalifət, Saakaşvilinin Milli Birlik Partiyası hakimiyyəti itirdiyini heç vaxt qəbul etməyəcək və küçələrdə kütləvi etiraz aksiyaları, iğtişaşlar üçün hər hansı bəhanədən istifadə edəcək.
Gürcüstan, şübhəsiz ki, Ermənistandan daha sakitdir, amma bu da sual altındadır. Gürcüstanı vuran beynəlxalq böhran yeni alovlanmalara və yeni etiraz dalğasına səbəb olacaq. Qarşıdan gələn 2022-ci ildə Gürcüstanda hər şeyin yaxşı olacağını söyləmək mümkün deyil. Ona görə də, söhbət Azərbaycanı gözləyən problemlərdən gedirsə, bu, bir tərəfdən beynəlxalq qlobal amillərin təsiridir, digər tərəfdən, bunlar Rusiya və Xəzər dənizi istisna olmaqla Azərbaycanın qonşularının olduğu, demək olar ki, bütün sərhəd ərazilərində mümkün problemlərdir.

Pozitiv məqamlar

Əgər bu mümkün məqamları bir kənara qoysaq, onda hər şey yaxşı olacaq. Azərbaycan müsbət, səmərəli, dinamik inkişaf edir. Keçən il baş verən uğurlu müharibədən sonra Azərbaycana qayıdan yeni ərazilərin inkişafına investisiyaların cəlb edilməsini gözləmək olar. Yeni iqtisadiyyatın inkişafı, şəhərlərin salınması, infrastrukturun bərpası üçün böyük ərazi var və əlbəttə ki, ciddi investisiyaların cəlb edilməsi gözlənilir. Zəngəzur dəhlizi 2022-ci ildə açılsa, bu həm Avrasiya Birliyinə daxil olan dövlətlər, həm də Cənub-Qərbi Asiya dövlətləri üçün effektli olacaq. Odur ki, 2022 həqiqətən gözəl təcrübələr ili olacaq.


Avropa İttifaqı ilə münasibətlər

Avropa İttifaqı ilə Bakı arasında yeni ideyalar və sürpriz layihələr gözlənilmir. Cənubi Qafqazdakı vəziyyət Aİ üçün müəyyən qədər aktuallığın periferiyasındadır, çünki Avropa indi enerji, ABŞ-la münasibətlər və Şərqdəki münaqişə ilə bağlı (Belarusiya ilə sərhəd və Ukraynadakı vəziyyət nəzərdə tutulur) kifayət qədər çətin dövrdədir. Bütün bunların fonunda Cənubi Qafqaz və Azərbaycan diqqət mərkəzində olsa da, təbii ki, ön planda deyil. Buna görə də, yəqin ki, hər hansı yeni parlaq ideyalar gözləmək lazım deyil. Sakit dialoq cəhdləri, iqtisadi sahədə əməkdaşlıq təklifləri, Avropa institutları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və siyasi vəziyyətə Avropanın tələblərinə cavab vermək təklifləri ilə təsir etmək cəhdləri olacaq. Bütün bunlar olacaq, amma sakit və israrsız şəkildə.

Fransa ilə münasibətlər

Yeganə fərq ilin birinci yarısında Aİ-yə Fransanın sədrlik edəcəyidir. Burada təbii ki, Fransanın fəal mövqeyi olacaq. Makron, şübhəsiz ki, aprel seçkiləri öncəsi aktiv şəkildə Cənubi Qafqaz kartını oynayacaq. Seçicilərinin əksəriyyəti erməni diasporu olduğundan, şəxsən ondan Azərbaycana qarşı müəyyən gedişlər, təşəbbüslər, təzyiqlər gözləmək olar. O, Ermənistanın tərəfdarı olduğunu, Ön Asiyadakı siyasətində onun maraqlarını əsas götürdüyünü göstərməlidir. Biz bunu görəcəyik. Lakin bu 2022-ci ilin birinci yarısına qədər də deyil, aprel seçkilərinədək davam edəcək. Bundan sonra bifurkasiya nöqtəsi gəlir, yəni Makronun qalıb-qalmayacağı. Əgər o, hakimiyyətdə qalmasa, Fransa hamı ilə xarici əlaqələrinə yenidən baxacaq və Aİ artıq heç bir aktiv rol oynamayacaq. 2022-ci ildə Aİ ilə Azərbaycan arasında münasibətlər prinsipial olaraq yeni əhəmiyyət kəsb etməyəcək. Hər şey sakit, planlı, bu və ya digər istiqamətdə hər hansı pozuntular baş vermədən olmalıdır.

Murad Nəcəfov
Nadir Quliyev
AzVision.az


Teqlər: Proqnoz    





Xəbər lenti