Qaz ilə sıxılanlar: Qazaxıstan hadisələrinin xronologiyası

// Etirazlar nədən başladı və necə inkişaf etdi

      Qaz ilə sıxılanlar:    Qazaxıstan hadisələrinin    xronologiyası
  05 Yanvar 2022    Oxunub:3500
Qazaxıstanda etirazlar avtomobillərdə istifadə olunan sıxılmış qazın qiymətinin 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə başladı. Regionda enerjidaşıyıcılarının ən aşağı qiyməti həmişə Qazaxıstanda olub və əhali bunu labüd saymağa alışıb. İndi isə hökumətin qərarına uyğun olaraq, yanvarın 1-dən qazın qiymətinin elektron birjalarda bazar şəraitinə uyğun müəyyənləşdirilməsinə keçildi. Bu da dərhal qiymətin iki dəfə artmasına səbəb oldu.
Qiymətin artmasına cavab olaraq, ilk mitinqlər yanvarın 2-də neft sənayesinin cəmləşdiyi Manqıştau bölgəsində keçirildi. Yanvarın 4-də hökumət vəd etdi ki, etirazçıların tələbləri yerinə yetirilərək, qazın qiyməti əvvəlkindən də aşağı – 50 təngəyə (20 qəpik) salınacaq.

Məntiqlə, bununla hər şey qurtarmalı idi. Çünki etirazlarda irəli sürülən əsas tələb artıqlaması ilə yeriə yetirilmişdi. Lakin əksinə, etirazlar genişlənməyə və ölkənin digər yerlərinə də yayılmağa, üstəlik, getdikcə siyasi xarakter almağa başladı. Hökumətin istefası və əvvəllər məhkum edilən bəzi şəxslərin buraxılması tələbləri irəli sürüldü.


Yanvarın 4-də ölkənin böyük şəhərlərindən olan Almatıda artıq siyasi tələblərlə qanunsuz aksiyalar keçirildi və polislə toqquşma yaşandı. Prezident Kasım-Jomart Tokayev Manqıştau bölgəsində və Almatıda yanvarın 19-na qədər fövqəladə vəziyyətin tətbiqinə dair sərəncam imzaladı.

Ayın 4-dən 5-nə keçən gecə Qazaxıstan hökuməti istefaya getdi. Səhər tezdən Prezident Tokayev etirazçılara müraciət edərək, onları “cəmiyyətin birlyini pozmaqda maraqlı olan destruktiv şəxslərin çağırışlarına uymamağa” səslədi. Prezidentin çıxışını rus dilində etməsi diqqətdən yayınmadı.

Tokayev həmçinin ölkədə vəziyyətin sabitləşməsi üçün sıxılmış qazın, benzinin və dizel yanacağının, həmçinin sosial əhəmiyyətli qida məhsullarının qiymətlərinə 180 günlük dövlət nizamlanması tətbiq etdi. Bununla yanaşı, kommunal tariflərin qiymətlərinə də moratorium qoyuldu. Paralel olaraq, prezident həssas sosial təbəqənin müdafiəsini gücləndirmək üçün digər təkliflər də irəli sürdü.


Tokayevin sözlərinə görə, baş verənlərin əsas məsuliyyəti hökumətin və “Kazmunayqaz”, “Qazaxqaz” kimi şirkətlərin üstünə düşür. Artıq güc orqanları fəaliyyətə keçərək, qaz zavodlarından birinin rəhbərini və sxılmış qazla elektron ticarət sisteminin başçısını həbs ediblər.

Hadisələri izləməkdə davam edirik.

Baş verənlərin təhlilinə həsr olunmuş materialı bir qədər sonra AzVision.az -da oxuya biləcəksiniz

Tariyel Həsənov
AzVision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti