KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərəcək

   KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərəcək
  06 Yanvar 2022    Oxunub:990
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana sülhməramlıların göndəriləcəyini bəyan edib.
AzVision.az xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Paşinyan qeyd edib ki, prezident Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar olaraq KTMT sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

- Prezident Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə, suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb, - Paşinyan deyib. O da qeyd edilir ki, hərbi qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün məhdud müddətə göndəriləcək.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxdılar. Etirazlar daha sonra digər böyük şəhərlərə də yayıldı. Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau, Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Elə həmin gün fövqəladə vəziyyət Qazaxıstanın bütün ərazisinə şamil edildi.

Daha sonra Tokayev hökuməti istefaya göndərdi və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İlk dövlət başçısı olmuş Nursultan Nazarbayevi isə bu vəzifədən uzaqlaşdırdı.

Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" kimi qiymətləndirdi. Buna əsasən də o terror təhlükələrini aradan qaldırmaq üçün KTMT-dən kömək istədi. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Məlumata görə, qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətə göndəriləcək.

Tural Tağıyev
AzVision.az




Teqlər: KTMT  





Xəbər lenti