Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı toplantı keçirəcək

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı toplantı keçirəcək
  07 Yanvar 2022    Oxunub:821
Yanvarın 11-də Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

XİN rəhbərlərinin əsas müzakirə mövzusu Qazaxıstandakı vəziyyət olacaq. Onlayn formatda keçiriləcək iclasın təşəbbüskarı təşkilata sədrlik edən Türkiyədir.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində maye qazının ikiqat bahalaşması səbəbindən başlayıb. Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir. Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Həmin gün Prezident Kasım-Jomart Tokayev bütün ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti