Qazaxıstanda 7939 etirazçı saxlanılıb

 Qazaxıstanda 7939 etirazçı saxlanılıb
  10 Yanvar 2022    Oxunub:636
Qazaxıstandakı iğtişaşlarla əlaqədar səkkiz minə yaxın etirazçı saxlanılıb.
AzVision.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

- Ölkə boyu 7939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar. Oğurlanmış 5 avtomobil, soyuq silahlar və s. müsadirə edilib, - nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti