“REAL”-“El” qarşıdurması dərinləşir

“REAL”-“El” qarşıdurması dərinləşir
  02 Aprel 2013    Oxunub:1398
“REAl” hərəkatı ilə Eldar Namazovun yaratdığı “El” təşkilatı arasında narazılıq dərinləşir.
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli “qaynarinfo”-ya verdiyi müsahibəsində deyib ki, “EL” ilə birləşmələri mümkün deyil: “Ortalıqda heç bir anlaşma yoxdur, heç anlaşmanın hansısa işarələri də yoxdur. Doğrusu, hələ heç nə aydın deyil. Yəni hərəkatda kimlər olacaq, nə olacaq, necə olacaq. Onlar hər hansı təşkilatla əlaqə qurmayıblar. Sadəcə, şəxsi görüşlər keçirirlər. Bunun üzərində birlik formatını qurmaq mümkün olmayacaq”.

Bu açıqlamadan sonra “El”in rəhbəri Eldar Namazovla Erkin Qədirli arasında narazılıq yaranıb.
- Bir neçə gün öncə Eldar Namazov mənə, yarı-incik, yarı-zarafat tərzdə gileyləndi. "El" və "Milli Şura" haqqında söylədiklərimdən təəccübləndiyini bildirdi. Mən də təəcübləndim, çünki müsahibəmdə dediklərimin hamısını (və ondan da artığını) onunla şəxsi görüşümüzdə demişdim, yeni olmamalı idi onun üçün,- deyə Erkin Qədirli facebook səhifəsində yazıb.

O, həmçinin əlavə edib ki "El" və "Milli Şura" ilə bağlı ciddi sualları və şübhələri var: “Bunu ReAl olaraq gizlətmirik və onların təmsilçilərilə bunu açıq danışmışıq”.

Erkin Qədirli Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılacaq “Milli Şura” haqqında da oxşar fikirlər söyləyib: “Əvvəldə dediklərim elə Milli Şuraya da aiddir... Adamları bir araya toplamaq olar, amma bu, siyasət aparmaq deyil. Siyasətçinin birinci işi təmsilçilikdir. Yəni adamlar kimləri təmsil edəcək, hansı çevrənin adamları olacaq. Bunlar bəlli olduqdan sonra elan vermək olar. Hazırda isə dediklərimin heç biri yoxdur”.


Teqlər:  





Xəbər lenti