Jurnalistikanın yeni rolu

// Bütün dünyada peşəkar media qasidlikdən tərcümanlığa yönəlib

      Jurnalistikanın yeni rolu
  09 Yanvar 2022    Oxunub:3234
Sosial şəbəkənin xarici seqmentində yayılan bu illüstrasiya göstərir ki, dünyanın hər yerində jurnalistikaya münasibətdə vəziyyət təxminən eynidir. Kütlə peşəkar mediadan narazıdır və səbəblər də aşağı-yuxarı, birdir: Düşünürlər ki, jurnalistika əvvəllər olduğu kimi "yuxarıda duranları" sorğu-sual etməlidir, onların sözlərini sadə insanlara çatdırmaq istiqamətində təbliğat aparmalı deyil.
Amma məsələ bundadır ki, vəziyyətin bu cür dəyişməsi jurnalistlərin günahı deyil. Əvvəlki dövr keçib; indi hər kəs özü rəhbərlərə sual verə, müraciət edə, "yuxarıda duranlar" isə özləri birbaşa cəmiyyətə (xalqa, kütləyə) sözlərini ünvanla bilərlər. Əvvəl jurnalistika bu ikisinin arasında qasid idi. İndi isə onların arasında qasidə ehtiyac qalmayıb, amma… TƏRCÜMƏÇİYƏ ehtiyac var.

Problem ondadır ki, “yuxarıda duranların” fikri sadə insanlara çox vaxt fiziki baxımdan çatır, amma məna və məzmun olaraq yox. Kütlə eşidir, amma düzgün başa düşmür. Sosial media vasitələri mürəkkəb məzmunları bir cümləlik stereotiplərə qədər sadələşdirib, sonra beyinlərə dürtürlər. Cəmiyyət fikir formulları ilə deyuil, “kaps”larla düşünür. Kütlə ilə danışanda düzgün anlaşıla bilmək üçün onun ən ağılsız üzvünün başa düşdüyü dildə danışmalısan (Kütləni araşdıran bütün klassiklər belə yazıblar) . Amma əksər halda rəhbərlər bunu özlərinə rəva görə bilməzlər.

Ona görə də media istər-istəməz ictimai tərcümanlıq funksiyasını üzərinə götürməyə başlayıb. O, deyilənlərin və baş verənlərin məzmununu açmaqla, nəyin nəzərdə tutulduğunu, proseslərin obyektiv səbəblərini izah etməklə məşğuldur. Kütlə buna qəzəblənir: Çünki o, hər şeyin ən sadə və özünün eşitmək istədiyi formada deyilməsini istəyir. Bu olmayanda isə medianı “yarınmaqda” suçlayır.

Halbuki, başa düşmək lazımdır: Yeni dövr yeni funksiyalar tələb edir. Jurnaistika da yeni dövrün yeni funksiyalarına uyğunlaşır.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Media  





Xəbər lenti