Ermənistanı da “Qazaxıstan ssenarisi” gözləyir – TƏHLİL

// Yayda Paşinyan da KTMT-ni köməyə çağıra bilər

   Ermənistanı da “Qazaxıstan ssenarisi” gözləyir –    TƏHLİL
  10 Yanvar 2022    Oxunub:3892
Ermənistanın küçə iğtişaşları ilə hakimiyyətə gələn baş naziri Paşinyanın demokratik prinsiplərinə zidd olaraq tez-tələsik Qazaxstana 100 nəfərlik əzilimiş erməni əsgəri göndərməsinin altında yatan bəzi maraqlı məqamlara toxunmaq istəyirəm. Dünənə qədər KTMT Paşinyanı adam yerinə qoymur, Paşinyan isə KTMT-ni təşkilat saymırdı. Bəs belə bir “ermənisyağı boşanmadan” sonra nə baş verdi ki, Paşinyan KTMT-nin Qazaxstanla bağlı qərarında xüsusi canfəşanlıq göstərdi?
Təşkilatın katibliyi mövcud olduğu halda, KTMT-nin bəyanatını şəxsən Paşinyanın səsləndirməsi yaltaqlıq və təlxəklikdən başqa bir şey deyildi. Qazaxıstan məsələsindən sonra Nikolun gələcəyə baxışlarında ciddi dəyişikliklərin olduğu aşkar görünür. Bunun səbəblərinə aydınlıq gətirək.

Paşinyan yaxşı bilir ki, gec-tez dəhlizlərin və kommunikasiyaların açılması, sərhədlərin təyin edilməsi, Qazaxın və Naxçıvanın kəndlərinin qaytarması baş verəcək. Sonunda sülh sazişinə də imza atmaqla Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən, Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edəcək. Təbii ki, hakimiyyətdə qala bilsə. İmzaladığı bəyanatları xoşluqla və ya zorla yerinə yetirməsindən asılı olmayaraq, Paşinyanı bu il ölkə daxilində ciddi etiraz aksiyaları gözləyir.

Ermənistanda aksiyalar 14 aydır ki, müəyyən fasilərlə davam edir, bunun iğtişaşlara çevrilməsi üçün ciddi səbəblər indi də mövcuddur, yazda isə gərginlik maksimuma çata bilər. Başqa sözlə desək, may-iyun aylarında Paşinyanın vəziyyəti yaxşı olmayacaq. Deməli, o da devrilmək təhlükəsini hiss edir və bunun qarşısını almaq məqsədilə KTMT-nin Qazaxstandakı “etirazçıları cəzalandırma əməliyyatları”na dəstək verməklə indidən özünə çığır açır.


Bu ehtimalı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təsdiqləyir. O, yerli İctimai Televiziyanın efirində belə bir açıqlama verib: “Ümid edirik ki, əgər Ermənistan gələcəkdə eyni vəziyyətə düşsə, o zaman bizə də KTMT tərəfindən lazımi kömək göstəriləcək”. Nikol Paşinyanın Qazaxıstana niyə qoşun yeritdiyi bu açıqlamada açıq şəkildə etiraf olunur.

Deməli, Ermənistan baş naziri özünü kütləvi etiraz aksiyalarından sığortalamaq üçün Qazaxstana 100 nəfərlik əzilmiş-döyülmüş erməni əsgəri göndərib. Vətən Müharibəsi zamanı tankı-topu işlək vəziyyətdə döyüş meydanında qoyub, unitazı götürüb qaçan fərari erməni əsgərlərinin “Qazaxstana növbəti Xocalını yaşadacağıq” və ya qazax qadını haqqında alçaldıcı digər şüarlar ilə türk torpaqlarına yola salınması Tokayevin son günlərdə qazandığı “titullarını” bir daha təsdiqlədi. Qorxaq lider və onun şərəfdən yoxsul erməni qonaqlarının qazax xalqından layiq olduqları cavabı artıqlaması ilə alcaqlarına tam əminəm.

Hər zaman KTMT-nin NATO-ya alternativ kimi yaradılmasını iddia edənlər Belarus və Qazaxıstan hadisələrindən sonra anladılar ki, bu təşkilat heç də üzv dövlətləri xarici aqressiyadan qorumaq üçün yaradılmayıb. KTMT-nin indiyə qədər yerinə yetirdiyi əsas funksiya Rusiyanın maraqlarına xidmət edən üzv dövlətlərin rəhbərlərini hakimiyyətdə saxlamaqdan ibarət olub. Paşinyan da bunu anlayıb və ya ona anladıblar. Odur ki, Nikol əlinə düşən imkandan gələcəkdə öz maraqlarında maksimum yararlanmaq istəyir.

Əslində siyasətdə qanun və insanlığa zidd olmayan, həm də müsbət nəticə verə biləcək istənilən addım qəbulediləndir. Amma Paşinyanın addımlarının öz prisiplərinə zidd olduğunu sübut etmək üçün bir neçə epizodu xatırlatmaq yerinə düşər: Aprel hadisələri, Günnüt döyüşləri, Tovuz döyüşləri, Vətən Müharibəsi, Şuşa Bəyannaməsi, Bakı Bəyannaməsi; son 15 ayda Ermənistanın KTMT-yə 7 dəfə nəticəsiz müraciəti, keçən ilin may, iyun və dekabr aylarında Kəlbəcər, Laçın və Qarakilsə istiqmətində erməni əsgərinin mövqelərindən bəzən silah, bəzən isə isə şillə-təpik gücünə qovulması və s. Nikol, bu hadisələr baş verəndə KTMT harda idi?


KTMT indiyə qədər bir dəfə də olsun kənar müdaxiləyə qarşı çıxış etməyib. Deməli, Paşinyan və Qriqoryan artıq anlayıblar ki, bu təşkilat yalnız iğtişaşları yatırmaq və Kremlə dost rejimləri öz xalqından xilas etmək üçün yaradılıb. Məhz buna görə Paşinyan Azərbaycanı Qələbə və ərazi bütövlüyünün bərpası münasibətilə təbrikinə baxmayaraq, Tokayevi qazax xalqından xilas etmək üçün Qazaxıstana erməni hərbçilər göndərdi. Halbuki, Ermənistanın xüsusilə də son 14 ayda “xroniki hərbçi çatışmazlığından” əziyyət çəkdiyi kimsəyə sirr deyil.

Belə çıxır ki, Paşinyan gələcəkdə özünü və vəzifəsini erməni xalqından qorumaq üçün KTMT-yə “beh verir”. Əgər oxşar hadisələr baş verərsə, ayağa qalxan erməni vətəndaşlar Qazaxıstandakı kimi “kənar müdaxilə” elan olunaraq, KTMT qüvvələrinin hədəfinə çevriləcəklər. Belə olan halda, “Rusiya, Ermənistandan çıx” və ya “Putin, əlini Ermənistandan çək” şüarlarının müəlliflərini nəyin gözlədiyini ehtimal etmək çətin deyil.

Erməni xalqından qorxduğunu aşkar ifadə edən hakimiyyət kimə və nə üçün lazımdır? Erməniləri kənar təhdidlərdən qorumaq lazım gələndə özünü görməzliyə vuran, amma onun özünə silah tuşlaması gözlənilən KTMT kimi hərbi blok İrəvana hansı dividendlər gətirə bilər? NATO blokundan belə fəaliyyət gözləmək mümkündürmü? Əgər erməni xalqı bu suallara cavab tapsa, hansı fəlakətlərlə qarşı-qarşıya olduğunu anlayacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün

Müəllifin əvvəlki yazıları:
Qıpçaq çölünün dovşanı – Ədalət Verdiyevin yazısı
Paşinyanın Rusiyanın hansı silahına “42 milyonluq metal yığını” demişdi? – ARAŞDIRMA
İrəvan “Zəngəzur dəhlizi”nə imkan verməsə, nə ola bilər – Ədalət Verdiyevin versiyası


Teqlər: KTMT  





Xəbər lenti