Zəngəzurun qubernatoru saxta diplom alıbmış

   Zəngəzurun qubernatoru    saxta diplom    alıbmış
  11 Yanvar 2022    Oxunub:1012
Ermənistanda qubernatorun saxta diplom aldığı məlum olub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Yerevan.today" saytının məlumatına görə, Zəngəzur qubernatoru Melikset Poqosyan indiyə kimi saxta diplomla mühüm vəzifələrdə çalışıb. Nəşr xüsusi olaraq qeyd edib ki, əslində qubernatorun tərcümeyi-halında onun konkret olaraq hansı ali təhsil müəssisəsində təhsil alması qeyd olunmayıb.

Zəngəzur qubernatorunun evində axtarış aparılıb
- Qanuna görə, qubernator ali təhsilli olmalıdır. Redaksiya vilayət administrasiyasına sorğu göndərərək Poqosyanın oxuduğu ali təhsil müəssisəsi haqqında məlumat istəyib. Rəhbərlikdən cavab gəlib ki, bu sorğu hökumətə ünvanlanmalıdır. Qanunverici orqan isə öz növbəsində vilayət administrasiyasına müraciət etməyi məsləhət bilib. İkinci cəhddə vilayət administrasiyasından öyrənə bildik ki, Poqosyan 1992-ci ildə ali məktəbə daxil olub və 1996-cı ildə Gorusdakı "Sünik" İnstitutunu hüquqşünas ixtisası ilə bitirib,-məqalədə yazılıb.

Bundan sonra sayt Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə sorğu göndərərək, “Sünik” İnstitutunun ali təhsil vermək üçün lisenziyasının olub-olmaması ilə bağlı maraqlanıb. Nazirlikdən cavab olaraq bildirilib ki, Sünik İstehsalat Kooperativ İnstitutu 1996-cı il iyulun 22-də jurnalistika, maliyyə-kredit, mühasibat uçotu və audit ixtisaslarına dair ali peşə təhsili proqramı üzrə tədrisə lisenziya alıb, 1997-ci ilin iyulun 16-dan isə Hüquqşünaslıq ixtisası da bu siyahıya salınıb.

- Məlum olur ki, Sünik qubernatoru 1992-ci ildə daxil olub və 1996-cı ildə "bitirdiyi" Sünik İnstitutunun "hüquqşünas"lıq fakultəsi saxtadır. Çünki bu institut Poqosyan oranı bitirdikdən cəmi bir il sonra hüquqşünaslara diplom vermək üçün lisenziya alıb, - məqalədə yazılıb.

Qeyd edək ki, Melikset Poqosyan 2020-ci il dekabrın 8-də Ermənistanın Zəngəzur vilayətinin qubernatoru təyin edilib. Bundan əvvəl o vilayətin vitse-qubernatoru vəzifəsində çalışıb. Poqosyan və ailəsi Ermənistan mətbuatından qalmaqallarda ən çox adı hallanan şəxslərdən biridir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qubernator   Diplom   Ermənistan  



Xəbər lenti