Rusiya hərbi təyyarələri Qazaxıstandan 2 mindən çox turist evakuasiya edib

Rusiya hərbi təyyarələri Qazaxıstandan 2 mindən çox turist evakuasiya edib
  12 Yanvar 2022    Oxunub:923
Rusiya hərbi aviasiyasına məxsus nəqliyyat təyyarələri Qazaxıstandan 2095 nəfəri evakuasiya edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
- Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 2095 Rusiya və xarici vətəndaş Qazaxıstan Respublikasından ölkəyə gətirilib. Yanvarın 11-də isə 376 Rusiya vətəndaşı bu ölkədən Moskvaya hərbi nəqliyyat vasitəsi ilə yola salınıb,-nazirliyin məlumatında deyilir.

"Sülhməramlılar Qazaxıstanda vəziyyət sabitləşənədək qalacaq" - Şoyqu
Qeyd edilir ki, Qazaxıstandakı iğtişaşlar səbəbindən ölkədən çıxarılan Rusiya vətəndaşları yeni il tətili üçün Almatıya turist səfərləri edibmişlər, ya da qohumlarının yanına gediblərmiş. Vəziyyətin gərginləşməsindən sonra Almatı beynəlxalq hava limanının bağlanması nəticəsində turistlər şəhərin otellərində qalıblar.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir. Kasım-Jomart Tokayev yanvarın 11-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib ki, KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılmasına iki gündən sonra başlanacaq və bu proses 10 gün ərzində yekunlaşacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qazaxıstan  





Xəbər lenti