Qazaxıstanın yeni informasiya naziri Moskvanın ürəyincə deyil?

   Qazaxıstanın yeni informasiya naziri Moskvanın ürəyincə deyil?
  12 Yanvar 2022    Oxunub:533
Əsgər Umarovun Qazaxıstanın informasiya və ictimai inkişaf naziri təyin olunması Moskvada birmənalı qarşılanmayıb. Rusiya medisaının yazdığına görə, guya Umarov son illər Qazaxıstanda Rusiya KİV-lərinin ləğvinə çağırıb, rus dilinin və ümumiyyətlə rus mənşəyi olan hər şeyin əleyhinə çıxış edib.
AzVision.az xəbər verir ki, bundan başqa, informasiya nazirinin sabiq müavini və “Kazinform” agentliyinin rəhbərinin ayağına rusofob sitatları da yazırlar.

- Əgər Astanada biznesin sahibi rusdursa, onda orada servis iyrəncdir, sanki sovet dövrünə düşmüsən!!! Bu onların qanındadır, nədir?” – guya Umarov TurkMedia niki altında “Facebook”da yazıb, deyə Rusiyanın “Lenta.ru” agentliyi xəbər verir.

Qazaxıstanın yeni nazirindən habelə 9 may Qələbə gününü lağa qoymaqda şübhələnirlər. Bu fonda Rusiya KİV-ləri indi belə bir adamın “konfessiyalararası və etnoslararası razılığı” təmin etməli olan quruma rəhbərlik edəcəyini vurğulayırlar.
Rusiyalı politoloq Konstantin Kalaçyov “Moskovski komsomlets” qəzetinə müsahibəsində bu təyinatı belə əsaslandırmağa çalışıb.

- İndi Tokayev öz ətrafında ən müxtəlif qüvvələrdən ibarət geniş koalisiya yaratmağa çalışır. O, KTMT-ni dəvət etdiyinə görə məzəmmətlə üzləşəcəyindən qorxur. Legitimliyi Qazaxıstan əhalisindən yox, “KTMT və Putindən” aldığına görə millətçilər tərəfindən onun ünvanına tənqidlər səsləndirilə bilər. Umarovun təyinatı barədə qərar bu tənqidi yaxın dövr ərzində neytrallaşdıracaq. Digər tərəfdən, Tokayevin çoxşaxəli siyasətdən imtina edəcəyini və yalnız Rusiyaya meyllənəcəyini düşünmək sadəlöhvlük olardı...Bu addım Rusiyadan müstəqilliyin nümayişidir – bax siz düşünürdünüz ki, mən tamamilə Moskvanın iradəsinə tabe olacağam, lakin heç də belə deyil və Qazaxıstan hər şeydən əfzəldir. İndi Tokayev millətçilərə qulaq asmaya bilməz...O, asanlıqla təmizləmə aparıb, bütün millətçiləri həbs edə bilməz. Yəqin ki, millətçiləri müttəfiq kimi də olmasa, ən azı yol yoldaşı kimi öz tərəfinə çəkməyi Tokayev ən məqbul variant sayır, - Konstantin Kalaçyov bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Qazaxıstan   Moskva  





Xəbər lenti