Yarasalar koronavirusun potensial mənbəyidir

Yarasalar koronavirusun potensial mənbəyidir
  13 Yanvar 2022    Oxunub:716
Bioloqlar neyro şəbəkələrin köməyi ilə elmə məlum olmayan, insanlar üçün təhlükəli, epidemiyaya səbəb və koronavirusların daşıyıcısı ola biləcək 400-dən çox yarasa növünü müəyyən ediblər.
AzVision.az xərbər verir ki, bu barədə tədqiqat "Lancet Microbe" elmi jurnalında dərc edilib.

"Biz ətraflı öyrənməli olduğumuz yarasa növlərinin siyahısını hazırlamışıq. Onların viruslarını və həyat vərdişlərini öyrənmək yarasa növlərinin sayını azaltmağa kömək edəcək. Monitorinq növbəti koronavirus epidemiyasının nə vaxt və harada baş verə biləcəyini anlamaq üçün lazım olacaq",-deyə tədqiqat müəlliflərindən biri, Oklahoma Universitetinin dosenti Daniel Bekker bildirib.

COVID-19 pandemiyası bütün dünya alimlərini SARS-CoV-2-nin mənşəyinin tarixini fəal şəkildə öyrənməyə, eləcə də insanlara yoluxa bilən digər təhlükəli heyvan koronaviruslarını axtarmağa vadar edib. Bu axtarışlar gözlənilmədən göstərdi ki, bu cür patogenlər Rusiya, ABŞ, Kamboca, İsveçrə və digər ölkələrdə yarasaların və digər vəhşi heyvanların populyasiyalarında mövcuddur.

Aparılan çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, insanlar və vəhşi heyvanlar arasında təmasların artması koronaviruslarla əlaqəli yeni pandemiyaların yaranmasına səbəb ola bilər. Bekker və onun həmkarları bunun harada və nə vaxt baş verə biləcəyini müəyyənləşdirməyə çalışıblar. Bunun üçün yarasa populyasiyalarında təhlükəli koronavirusların olma ehtimalını qiymətləndirən neyron şəbəkəsinin bir neçə variantını yaradıblar.

Yeni koronavurusun mənbələri

Alimlər yarasalarda və digər vəhşi heyvanlarda əvvəllər məlum olmayan koronavirusların axtarışına yönəlmiş layihələr çərçivəsində son iki il ərzində həmkarları tərəfindən toplanmış məlumatlar üzərində işləyiblər. Bu yoxlamalar bioloqlara ən səmərəli neyro şəbəkəni seçməyə və insanlar üçün təhlükəli olan patogenləri saxladığı güman edilən yarasa növlərinin siyahısını hazırlamağa kömək edib.

Ümumilikdə alimlər populyasiyaları COVID-19-a bənzər növbəti pandemiyaların mənbəyinə çevrilə bilən 400-dən çox yarasa növünü müəyyən ediblər. Onların sayına təkcə Avrasiyadan olan yarasalar deyil, həm də ekvatorial və tropik Afrikada, eləcə də Yeni Dünyanın müxtəlif bölgələrində yaşayan onlarla növlər daxil edilib.

Eyni zamanda, alimlər bu yarasaların çoxlu növünün cəmləşdiyi dünyanın bir neçə bölgəsini müəyyən ediblər. Xüsusilə, onların bir qismi İndoneziya, Tayland və Cənub-Şərqi Asiyanın digər ölkələrində, eləcə də bəzi Avropa ölkələrində, Konqo hövzəsində və ekvatorial Afrikanın digər hissələrində yaşayır.

Bu yarasaların viruslarının öyrənilməsi, neyro şəbəkə hesablamalarının göstərdiyi kimi, alimlərə elmə məlum olan bu tip patogenlərin sayını iki dəfə artırmağa imkan verəcək. Yekun olaraq bu, epidemioloqların növbəti qlobal koronavirus pandemiyasının harada və nə vaxt baş verə biləcəyini proqnozlaşdırmaq qabiliyyətini xeyli təkmilləşdirəcək.

İbrahim Məmmədov
AzVision.az


Teqlər:



Xəbər lenti