"Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub" - XİN

   "Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub" -    XİN
  14 Yanvar 2022    Oxunub:1320
"Bu gün biz dost və qardaş Azərbaycanla diplomatik münasibətlərimizin bərpasının 30 illiyini qeyd edirik".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

“1991-ci il oktyabrın 29-da Cümhuriyyətimizin 68-ci ildönümünü qeyd edərkən Azərbaycan beynəlxalq birliyin bərabər hüquqlu üzvü olması iradəsini qətiyyətlə ifadə etdi və həmin gün bizə ikiqat bayram bəxş etdi. Türkiyə gecikmədən Azərbaycan Respublikasını rəsmən tanıdı və ölkələrimiz arasında diplomatik münasibətlərin bərpasına dair protokolun imzalanması ilə iki ölkə arasında diplomatik münasibətlər başlandı. Müstəqilliyini elan etdikdən sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkə Türkiyə olub", - bəyanatda vurğulanıb.

Bildirilib ki, aradan keçən otuz il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dostu və qardaşı Azərbaycanın yanında olub: "Bunu qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməsindən sonra duyduğu böyük sevinclə bunu bir daha göstərdi. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək. Bu gün 30 il əvvəlkindən qat-qat güclü Türkiyə və daha güclü Azərbaycan var və iki ölkənin qardaşlığı və sıx əməkdaşlığı, ortaq bölgələrində sülhün və sabitliyin böyük bir təminatçısı halına gəlib.

Azərbaycanla diplomatik münasibətlərimizin təsis edilməsinin 30-cu ildönümünü qeyd edərkən gələcəyə inamla baxır və ümumi rifah və inkişaf yolunda birgə çalışmaq iradəmizi bir daha təsdiqləyirik".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  



Xəbər lenti