"ABŞ Rusiyaya qarşı 18 hərəkət ssenarisi hazırlayıb" - Nuland

   "ABŞ Rusiyaya qarşı 18 hərəkət ssenarisi hazırlayıb" -    Nuland
  15 Yanvar 2022    Oxunub:601
“Co Bayden administrasiyası Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi halında 18 müxtəlif hərəkət ssenarisi hazırlayıb”.
AzVision.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzetində şənbə günü dərc olunan müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland deyib.

"Mən 18 müxtəlif ssenari haqqında danışmaq fikrində deyiləm. Sadəcə onu deyim ki, Rusiya hər hansı aqressiv addım atarsa, biz və müttəfiqlərimiz tezliklə kəskin ağrılar verən cavab tədbirlərinə hazırıq", - diplomat bildirib.

Nuland ABŞ və Avropa ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyalarının bir-birindən fərqli ola biləcəyini vurğulayıb: "Bəzən nəsə bizim üçün Avropadan daha çətindir, bəzən isə əksinə. Vaşinqton avropalı müttəfiqləri ilə Rusiyanın hərəkətlərinə Qərb dövlətlərinin sakinlərinin maraqlarını nəzərə alan mümkün cavab barədə danışıqlar aparır".

ABŞ və Rusiya nümayəndə heyətləri arasında bu həftə baş tutan təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları şərh edən Nuland tərəflərin bir-birinin narahatlığını eşitməyə müvəffəq olduğunu, lakin hələlik ciddi müzakirənin başlamadığını deyib: "Hazırda biz bir-birimizdən yalnız narahatlıqlar barədə eşitmişik. Biz razılığa gəlmək üçün cəhd etməli olacağımız danışıqlara başlamamışıq".

Nuland söyləyib ki, Vaşinqton Moskva ilə danışıqları davam etdirməkdə maraqlıdır: “Biz inanırıq ki, diplomatiya vasitəsilə gərginliyi azalda və bəzi mövzularda irəliləyişə nail ola bilərik. Ümid edirik və gözləyirik ki, Moskva danışıqlar masasında qalacaq və bir sıra məsələləri müzakirə edəcək, lakin seçim prezident Vladimir Putindən asılıdır".

ABŞ rəsmisi həmçinin vurğulayıb ki, danışıqlar qarşılıqlı əsasda aparılmalıdır: "Onların tələbləri var, lakin bizim də narahatlıqlarımız var".

Pərvanə Sultanova
AzVision.az

Teqlər: ABŞ   Rusiya  







Xəbər lenti