ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvarla bağlı kampaniya keçirir
Müraciətdə, həmçinin qeyd olunub ki, Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilən 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin ölkə ictimaiyyətinə, mətbuatına, qanunvericilərinə və Bayden administrasiyasına müraciətində bildirilib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olub və sovet dövlətçiliyinin təməlini sarsıdıb. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub. Aradan 32 il keçsə də, Qara Yanvar öz mahiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”.
ABŞ-ın Azərbaycan icmasının üzvləri yazılı kampaniya vasitəsilə bu ölkənin ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırır, ABŞ qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son on dörd ildə ABŞ-ın müxtəlif nəşrlərində Qara Yanvar haqqında onlarca məqalə dərc olunub, qubernator bəyannamələri və bir neçə ştatda parlament qətnamələri qəbul edilib.
AzVision.az
Teqlər: ABŞ Azərbaycan 20-Yanvar







Vaxtında, Aydın, Lazımlı!


